Ankara, 9 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin gələcəyə yönəlmiş siyasəti regionda kommunikasiyaların bərpası və Orta Dəhlizin inkişafı səylərinin əsas tərkib hissəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb bölgələri arasında marşrutun açılması xüsusilə əhəmiyyətlidir.
Bu fikri Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, gələcək marşrutun Zəngəzur dəhlizi, yoxsa Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlanması heç bir əhəmiyyət daşımır. “Əsas məsələ yeni marşrutdan Azərbaycanın maraqları nəzərə alınmaqla istifadə etməkdir. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında yük və sərnişin daşınması heç bir maneə ilə üzləşməməlidir. Bu, dəmir yolu xidmətinə də aiddir”, - deyə o vurğulayıb. Diplomat iki qardaş ölkə arasında davamlı bir sistem yaradacaq və qlobal ticarət, o cümlədən türk dövlətləri arasında yeni imkanlar açacaq Qars-Naxçıvan dəmir yolunun tikintisinin başlamasına da diqqət çəkib.
“İMZA”-nın nümayəndəsi Orta Dəhliz boyunca ticarət və iqtisadi əlaqələrin inkişafının Türk dünyasının möhkəmlənməsinə və rifahın artmasına güclü təkan verəcəyinə əminliyini ifadə edib.
H. Kılıç qeyd edib ki, qlobal səhnədəki ciddi dəyişikliklər və beynəlxalq hüquq institutlarının virtual hərəkətsizliyi nəzərə alınmaqla, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində birliyin qorunması xüsusilə vacibdir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri arasında əməkdaşlığı dərinləşdirmək istiqamətində uzaqgörən təşəbbüslərini “tarixi” və “çox qiymətli” adlandırıb.
Sabiq səfir hesab edir ki, müdafiə TDT ölkələri arasında əməkdaşlığın prioritet sahəsi olmalıdır. “Hər il Azərbaycan ilə Türkiyə arasında çoxsaylı birgə hərbi təlim keçirilir ki, bu da digər türk ölkələri üçün uğurlu nümunədir. Əminəm ki, Ankaranın müdafiə sektorundakı təcrübəsinin regionun ən güclü ordularından biri kimi özünü təsdiq etmiş Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və gücləndirilməsində faydalı olduğu artıq sübut edilib”, - deyə o vurğulayıb.
H. Kılıç, həmçinin əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələri dünyada misilsizdir: “Ankaranın gücü Bakının gücüdür və əksinə. İki ölkənin birliyi hər iki dövlətin maraqlarına və təsirinin artmasına töhfə verir. Prezident İlham Əliyevin kursu Azərbaycanın inkişafı üçün yeganə doğru yoldur və bütün Türk dünyasının mövqeyinin möhkəmləndirilməsinə sanballı töhfədir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara