AZ

Xamenei: İrandakı etirazçılar Trampın istəklərinə uyğun hərəkət edirlər » AzadMedia.az


İranın ali dini lideri ayətullah Əli Xamenei ölkədə davam edən etiraz aksiyalarının ABŞ Prezidenti Donald Trampın çağırış və maraqlarına uyğun şəkildə həyata keçirildiyini bildirib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Xamenei çıxışında qeyd edib ki, İsrail–İran qarşıdurması və 2025-ci ilin iyununda ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində son 12 gün ərzində min nəfərdən artıq iranlı həyatını itirib. Onun sözlərinə görə, ölənlər arasında hərbi rəhbərlər, alimlər və tanınmış ictimai xadimlər də var.
Ali dini lider Donald Trampın müharibə zamanı əmrlər verdiyini açıq şəkildə etiraf etdiyini xatırladaraq bildirib ki, bu, ABŞ prezidentinin “iranlıların qanına bulaşdığını” göstərir:
“Belə bir şəxs sonradan çıxıb İran xalqını dəstəklədiyini deyir”, – Xamenei vurğulayıb.
Ayətullah etirazlarda iştirak edənləri “uzaqgörən olmayan insanlar” adlandıraraq onların Trampın bəyanatlarına inanaraq hərəkət etdiklərini, hətta ona xoş gəlmək üçün ictimai asayişi pozduqlarını bildirib. O, həmçinin Trampı öz ölkəsinin problemləri ilə məşğul olmağa çağırıb.
Qeyd edək ki, yanvarın 9-da Donald Tramp ABŞ-ın İranda iqtisadi vəziyyətə etiraz edən nümayişçilərə qarşı zorakılıq olacağı təqdirdə Tehrana “çox sərt zərbə” endirəcəyini bəyan edib.
Xatırladaq ki, dekabrın 28-dən etibarən İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda kütləvi etirazlar başlayıb. Aksiyalar zamanı təhlükəsizlik tədbirləri gücləndirilib, polis gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Ən böyük etirazlar Tehranda, ən gərgin toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində – Malekşahi, Kermanşah və Lordegan şəhərlərində qeydə alınıb.
İnsan haqları müdafiəçiləri HRANA-nın məlumatına görə, hadisələr nəticəsində azı 38 nəfər həlak olub, onlardan dördü təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Onlarla şəxs xəsarət alıb, 2217 nəfər isə saxlanılıb.
Seçilən
27
50
azadmedia.az

10Mənbələr