Milli Məclisin deputatı Razı Nurullayevin adı ətrafında başlayan müzakirələr səngimək bilmir. Millət vəkilinin qardaşı Hasil Nurullayevin Dubayda oğluna dəbdəbəli toy etməsi Razı Nurullayevi tənqid hədəfinə çevirib. Metbuat.az xəbər verir ki, deputat ünvanına səslənən ittihamlarla razılaşmır. Nurullayev hesab edir ki, ictimai-siyasi fiqur olmayan qardaşının və onun övladının müzakirə edilməsi qeyri-etikdir. Millət vəkili TV Musavat-a müsahibəsində bəzi qüvvələrin ona qarşı qərəzli davrandığını vurğulayıb. Onun sözlərinə görə, aparılan kampaniyanın hərəkətverici qüvvəsi müxalifətin radikal qanadıdır: "Bu adamlar ölkədə milli birliyin, həmrəyliyin olmasını istəmədikləri üçün mənim kimi sağlam düşüncəli insanları hər fürsətdə qarşılamağa çalışırlar". Millət vəkili keçmiş rəqiblərinin də onun əleyhina aparılan kampaniyada fəal iştirak etdiklərini vurğulayıb: "Seçki arxada qalsa da, bu adamların kini, qəzəbi soyumur. Hansı işi görsəm, sosial şəbəkədə nə vaxt paylaşım etsəm, mütləq ona qulp qoyurlar. Görülən işləri gözdən salmaq onların adətidir. Elə adamlar var ki, barmağının beşini də bal eləyib agızlarına soxsan, deyəcək zəhərdir. Bu adamlar bal yeməyə deyil, kanalizasiya suyu içməyə layiqdirlər. Qoy onlar kanalizasiya suyu içsinlər".Fotoda: Razı Nurullayev
Nazim Hüseynzadə / Metbuat.az