Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan dilinin qorunması milli kimliyin və dövlətçiliyin əsas sütunlarından biridir. Dil xalqın tarixi, mədəniyyəti və milli yaddaşını daşıyır. Dilini itirən xalq zamanla özünü itirir və tarix səhnəsindən silinmə təhlükəsi ilə üzləşir.
AZƏRTAC xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlı “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunmasına səfərbərlik” mövzusunda ictimai müzakirədə söyləyib.
O bildirib ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, əsrlərin süzgəcindən keçmiş milli dəyər və əmanət olaraq qorunmalıdır. Milləti millət edən onun dilidir. Dünyada 50 milyondan çox azərbaycanlı bir dildə bir-birilərini anlayır, sevinci və kədəri eyni sözlərlə ifadə edir.
"Azərbaycan dili xalqın tarixini, mədəniyyətini və kimliyini əks etdirir. Bu dil bizə əcdadlarımızdan qalan müqəddəs bir əmanətdir və onu qorumaq hər birimizin vəzifəsidir. Dilimizin saflığının qorunması yalnız dövlətin məsuliyyəti deyil, həm də hər bir vətəndaşın borcudur",- deyə E. Bağırlı vurğulayıb.