Yevlax rayonunda 1985-ci il təvəllüdlü Tural qısqanclıq zəminində 10-cu övladına hamilə olan Səmayəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Publika.az Teleqraf-ıa istinadən xəbər verir ki, o, hamilə qalan arvadının başqa bir kişi ilə sevgi münasibətlərindən şübhələnib.
2024-cü il avqustun 12-də təxminən saat 9 radələrində o, Səmayəyə bankdan pul krediti götürmək istədiyini və onunla birlikdə banka getməli olduğunu deyib.
Birlikdə evdən çıxaraq piyada Yevlax şəhərindəki bank filialına gəliblər. Arvadına krediti götürə bilməyəcəyini deyib, piyada evlərinə doğru qayıdıblar. Dəmir yolu xəttinin yaxınlığına çatanda ər-arvad qısqanclıq üstündə mübahisə ediblər. Tural qəfildən gizlətdiyi bıçaqla onlara yaxınlaşan azyaşlı övladının gözü qarşısında arvadına zərbələr vurub.
Bıçağın əyildiyini görəndə onu yerə ataraq sınmış şüşə qabın parçasını əlinə götürüb. Hadisə zamanı qadın ümumilikdə 11 xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan ayaralıya tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.