AZ

“Xızı-Abşeron” KES Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiq edir 

Azərbaycan enerji potensialını çoxşaxəli və uzunmüddətli strategiya əsasında gücləndirir. Bu strategiya ölkənin regional və qlobal enerji təhlükəsizliyində rolunun möhkəmləndirilməsinə yönəlib. Xəzər hövzəsi ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan regional əməkdaşlığı gücləndirir, yeni marşrutlar və formatlar təklif edir. Bu da ölkənin enerji potensialını regional təsir gücünə çevirir. Qaz ixracının coğrafiyasının genişlənməsi və həcmlərin artırılması ölkənin enerji potensialını yalnız iqtisadi deyil, həm də strateji nöqteyi-nəzərdən artırır.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, son illər Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyub: “Günəş, külək və hidroenerji sahəsində böyük potensial mövcuddur. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” elan edilib. Xarici investorlarla imzalanmış müqavilələr əsasında iri külək və günəş elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bu, həm daxili enerji balansını gücləndirir, həm də ixrac üçün daha çox qaz resursunun azad olunmasına imkan yaradır”.

Deputat qeyd edib ki, yanvarın 8-də istismara verilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası da Azərbaycanın elektrik enerjisi istehsalında mənbələrin şaxələndirilməsinə xidmət edir. Külək enerjisinin sistemə daxil olması ölkənin enerji balansını daha dayanıqlı edir, iqlim və yanacaq risklərindən asılılığı azaldır. “Cənab Prezident də qeyd etdi ki, 240 meqavat gücündə olan stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Məlum olduğu kimi, Azərbaycanın təkcə külək enerjisi potensialı 150 giqavatdan çoxdur. Enerji təminatının sabitliyi baxımından vacib hesab olunan “Xızı-Abşeron” kimi nəhəng layihələr Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiqləyir. Bu da Azərbaycanın xarici investorlar üçün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Dövlət başçısının da dediyi kimi, ölkəmizdə əlverişli investisiya mühiti var və Azərbaycan 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilib. Prezident, həmçinin bildirdi ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər yüz milyonlarla dollar vəsait qoyulub”, - deyə N.Məmmədova əlavə edib.

Deputat vurğulayıb ki, külək elektrik stansiyası istismar dövründə istixana qazı emissiyalarını azaldır, ətraf mühitə yükü minimuma endirir və uzunmüddətli perspektivdə enerji istehsalının maya dəyərini aşağı salır:  “Bu isə davamlı iqtisadi inkişaf üçün mühüm şərtdir. Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib”. 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr