İranda son dövrlər müşahidə olunan sosial gərginlik və etiraz dalğaları regionda baş verən proseslərə marağı daha da artırıb. Xüsusilə ABŞ siyasətçilərinin Tehran hakimiyyətinə ünvanladığı sərt bəyanatlar fonunda ölkədə mümkün siyasi transformasiya ssenariləri müzakirə olunur. Bu kontekstdə İranda yaşayan milyonlarla azərbaycanlının gələcəyi, eləcə də Cənubi Azərbaycan məsələsinin perspektivləri yenidən gündəmə gəlir və müxtəlif ekspert yanaşmalarına səbəb olur.
Mövcud proseslər fonunda İranda baş verə biləcək mümkün hakimiyyət dəyişikliyi Cənubi Azərbaycan məsələsinə necə təsir göstərə bilər və bu dəyişiklik Cənubi Azərbaycanın müstəqilliyi perspektivlərini real şəkildə gündəmə gətirə bilərmi?
Siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Pəhləvilərin yenidən hakimiyyətə qayıtması ilə bağlı səsləndirilən fikirlər real əsaslara söykənmir.

Onun sözlərinə görə, Rza Pəhləvi faktoru artıq beynəlxalq gündəmdən çıxıb: “Tramp onunla görüşməkdən imtina etdi. Rza Pəhləvi hazırda ABŞ-da mühacir həyatı yaşayır. Əgər yaşadığı ölkənin rəhbəri onunla görüşməyə belə maraq göstərmirsə, bu, Şah rejiminin bərpası ehtimalını avtomatik olaraq sıfıra endirir. Açıq deyim, İranda rejim dəyişikliyini real hesab etmirəm. Bu baş verməyəcək”.
Analitik hesab edir ki, hazırkı proseslər etirazçıların müəyyən sosial və siyasi tələblərinin qismən təmin olunması ilə yekunlaşacaq: “Ən real ssenari budur ki, hakimiyyət müəyyən güzəştlərə gedəcək və aksiyalar zamanla səngiyəcək. Alternativ variant demək olar ki, yoxdur”.
Cavanşir Abbaslı qeyd edib ki, hətta nəzəri olaraq Pəhləvi rejiminin qayıdışı belə Cənubi Azərbaycan üçün ciddi dəyişiklik vəd etmir:
“Pişəvəri hərəkatı da məhz Pəhləvilərin dövründə baş verdi və nəticəsi hamıya məlumdur. Ona görə də emosiyalara qapılmaq düzgün deyil. Cənubi Azərbaycanın müstəqilliyi məsələsi beynəlxalq güclərin maraqlarına uyğun deyil. ABŞ da daxil olmaqla, heç bir böyük güc Cənubi Azərbaycanın müstəqilliyini istəmir. Bu reallığı qəbul etməliyik. 50 milyonluq yeni bir türk dövlətinin yaranmasına hansı qlobal güc razı olar? Bu baxımdan, indiki etirazların Cənubi Azərbaycanın müstəqilliyinə gətirib çıxaracağına inamım sıfıra bərabərdir”.
//Gülnarə Abasova, Editor.az