AZ

Venesuelada əsas hədəf neft deyil Türkiyəli iqtisadçı əməliyyatın gizlinlərini açdı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyat və bu ölkə ətrafında cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu haqda müxtəlif iddialar ortaya atılır. Bir iddiaya görə isə Venesuela prosesi əslində texnologiya nəhənglərinin Çindən xammal asılılığını aradan qaldırmaq üçün həyata keçirilən bir əməliyyatdır. İddia olunur ki, Ağ Evin Venesuela neftini ələ keçirmək barədə açıqlaması əslində süni intellekt inqilabının enerji xərclərini Amerikanın nəzarəti altına almaq üçün bir addımdır və əsl hədəf nadir torpaq elementləridir.

Globalinfo.az-a danışan türkiyəli iqtisadçı ekspert, İzmir Bakırçay Universitetinin və Yohannesburq Universitetinin dosenti Dr. Sezer Bozkuş Kahyaoğlu deyib ki, bu məsələyə texniki olaraq üç fərqli nöqteyi-nəzərdən baxmaq olar:

“Birincisi, hadisələrin geosiyasi strategiya kontekstində inkişafı; ikincisi, geoiqtisadi yanaşmaların əhəmiyyətinin artması; və üçüncüsü, strateji xarici ticarət dinamikası. Geosiyasi strategiya baxımdan, ABŞ xüsusilə cənubunda Çin və Rusiya ilə əməkdaşlıq edən bir ölkənin və ya bölgənin mövcud olmasını istəmir. Bu baxımdan, ABŞ Venesuelanı Kubaya bənzər şəkildə ortaya çıxan geosiyasi problem kimi görür. Buna görə də, cənubunda, potensial Çin dominantlığı və ya Çin mərkəzli iqtisadi zonaya qarşı tədbirlər görüb. Buradakı geosiyasi vəziyyət Venesuela və Çin kontekstində geoiqtisadi bir prosesə çevrilir. Venesuelanın Çin tərəfindən idarə olunması, qlobal miqyasda inkişaf edən və investisiya xərclərinin sürətli azaldılmasını tələb edən sektorların təchizat zəncirlərinin ABŞ-a mənfi təsir göstərə biləcəyi bir vəziyyət yaradır”.

İqtisadçı ekspertin sözlərinə görə, Çin artıq beynəlxalq təchizat zəncirində nadir torpaq elementləri bazarına nəzarət edir:

“Venesuela kimi bir ölkənin ehtiyatlarına nəzarət ABŞ-ın bu sahədəki dominantlığını və iqtisadi sahədə təsirini əhəmiyyətli dərəcədə artıracaq. ABŞ-ın böyüyən sənayesinin Venesuelanın yeraltı ehtiyatlarına ehtiyacı var. Bununla yanaşı, Venesuela neftinin ABŞ neft sənayesinin qlobal bazardan asılılığını azaldan bir resurs olduğu məlumdur. Bu iqtisadi təsirlər ABŞ-ın xarici kəsrlər və dövlət borcunun həddindən artıq olmasından qaynaqlanan maliyyə yükünü azaltmaq üçün atılan addım kimi qəbul edilə bilər”.

Dr. Sezer Bozkuş Kahyaoğlu

Sezer Bozkuş burada əsas məsələnin Venesueladakı mövcud keçid prosesinin necə inkişaf edəcəyindən asılı olacağını vurğulayıb:

“Qlobal tendensiya ABŞ-ın Venesuelaya nəzarət etdiyini qəbul etməsindən ibarətdir. Nəticədə, ABŞ inkişaf edən texnologiya şirkətləri ilə yanaşı, yeni sahələrə investisiya qoymaqla əhəmiyyətli rəqabət üstünlüyü təmin edə biləcək bir güc strukturu yaratmışdır. Bu, strateji ticarət baxımından Çin yönündə bir dəyişiklik və Çinin qlobal ticarətdə dominantlığında dəyişiklik yaradacaq. ABŞ şirkətlərinin Venesuelaya marağının artması və iqtisadiyyatında təsirinin artması bu tendensiyanın ABŞ-ın xeyrinə daha da güclənməsi kimi qəbul edilə bilər”.

O, əlavə edib ki, türk dünyasının yerləşdiyi coğrafiya və geosiyasi strategiyası Avropa-Çin kontekstində qiymətləndirmək olar:

“Çin və Hindistanın istehsal etdiyi malların bazarı əsasən bu bölgə olacaq. Bu bölgənin artan tələbata uyğun yüksək alıcılıq qabiliyyətinə malik olması lazımdır. Bu da bölgə ölkələrinin xarici ticarətdəki fəaliyyətindən asılıdır. Buna görə də deyə bilərik ki, bu bölgə yeni bir güc mərkəzi kimi mübarizə meydanına çevriləcək. Burada əsas məqam İrandakı vəziyyətdir. Bölgənin geosiyasi vəziyyətini müəyyən edəcək hər hansı məsələ İrandan asılıdır. İqtisadi proseslərə də bu kontekstdə yanaşmaq lazımdır”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr