
Vətəndaşın əmlakı onun əsas hüquqlarından biridir və qanunla qorunur. Lakin müəyyən hallarda hüquqi səbəblərə görə əmlaka həbs qoyula bilər. Bu, həm fərdi hüquqların, həm də cəmiyyətin maraqlarının qorunması məqsədini daşıyır. Bəs, hansı hallarda vətəndaşın əmlakına həbs qoyula bilər?
Mövzu ilə bağlı Missiya.Az-a danışan vəkil Cavanşir Qasımzadə bildirib ki, əmlakın üzərinə həbs qoyulması üç kontekstdə nəzərdə tutulmalıdır:
"Bunlardan birincisi müvəqqəti təminat tədbiri qismində əmlakın üzərinə həbs qoyulması, ikincisi yekun məhkəmə aktının icrası məqsədilə əmlakın üzərinə həbs qoyulması, üçüncüsü isə istintaq gedişatında əmlakın üzərinə həbs qoyulmasıdır".
Vəkil qeyd edib ki, müvəqqəti təminat tədbiri qismində əmlakın üzərinə həbs qoyulması dedikdə, mülki iş gedişatında işin predmeti olan əşyanın üzərinə məhkəmə qərarı ilə həbs qoyulması nəzərdə tutulur:
"Bu, həmin əmlakın məhkəmə prosesi zamanı özbaşına mənimsənilməsinin və ya başqa formada üzərində sərəncam verilməsinin qarşısını almaq məqsədini daşıyır.
"Yekun məhkəmə qərarının icrası məqsədilə əmlakın üzərinə həbs qoyulması isə, bəzən məhkəmə qərarının icrasını təmin etmək üçün tətbiq olunur. Məqsəd, məhkəmə bitdikdən sonra əmlakın özbaşına mənimsənilməsinin qarşısını almaqdır",- deyə vəkil qeyd edib.
C.Qasımzadə onu da vurğulayıb ki, istintaq gedişatında əmlakın üzərinə həbs qoyulması isə, adətən, qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin hesabına talan edilmiş əmlakın üzərinə və ya cinayət vasitəsi və aləti kimi istifadə olunmuş əmlakın üzərinə qoyula bilər:
"Həmin qərarlar apellyasiya şikayəti ilə mübahisələndirilə bilər. Əgər əmlakın üzərinə həbs əsassız qoyulubsa, şəxs həbsin götürülməsi üçün məhkəməyə müraciət edə bilər",- deyə Cavanşir Qasımzadə əlavə edib.
Seyranə QuliyevaMissiya.Az