AZ

“Remnin Ribao”: Azərbaycan çinli turistləri fəal cəlb edir

Pekin, 9 yanvar, AZƏRTAC

Çin Kommunist Partiyasının rəsmi nəşri ola “Renmin Ribao” ("People's Daily") qəzetində “Azərbaycan çinli turistləri fəal cəlb edir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Çin arasında turizm mübadiləsinin son illərdə durmadan artdığı bildirilir. Azərbaycan Dövlət Turizm Agentliyinin son məlumatlarına istinad edən nəşr yazır ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycana 57 min Çin turisti səfər edib. Bu da illik müqayisədə 49 faiz artım deməkdir. 2024-cü ildə isə artım 93 faiz təşkil edib. Hazırda Çin Azərbaycana gələn turistlərin sayına görə ilk 10 mənbə ölkəsinə daxil olub və Çin ilə Azərbaycan arasında turizm əməkdaşlığı müsbət inkişaf tendensiyası göstərir.

Qeyd olunub ki, "Odlar Yurdu" kimi tanınan Azərbaycan qədim İpək Yolunda zəngin tarixi və mədəni irsə və müxtəlif təbii mənzərələrə malik mühüm bir qovşaqdır. Bakının qədim və müasir memarlığı və incəsənəti, Qobustan qaya rəsmlərinin və palçıq vulkanlarının tarixi xüsusiyyətləri və təbii mənzərələri, eləcə də duz mağarası terapiyası və neft vannaları kimi unikal təcrübələr Azərbaycanın vacib turizm resurslarını təşkil edir.

Çindən Azərbaycana səfər edən turistlərinin sayının artmasında 2024-cü ilin iyulunda Azərbaycanın Çin vətəndaşları üçün bir illik birtərəfli vizasız rejimini tətbiq etməsinin və ötən ilin iyulundan Çin-Azərbaycan arasında adi pasport sahibləri üçün vizasız səyahət müqaviləsinin qüvvəyə minməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə istinadla qeyd olunub ki, Azərbaycan Çin turizm bazarına yüksək qiymət verir və turizm sənayesində Çinlə əməkdaşlığı gücləndirməyə ümid edir. Çin Azərbaycanın turizm sənayesi üçün strateji prioritet bazardır. Hazırda Azərbaycan "China Ready" layihəsi vasitəsilə Çin turistlərini qəbul etmək potensialını artırır.

Qeyd olunub ki, Çində Azərbaycanın turizm potensialını tanıtmaq üçün Pekin, Şanxay və Quancou da daxil olmaqla bir neçə şəhərdə tədbirləri keçirilib, “Ctrip” və “Qunar” kimi onlayn səyahət platformaları, “WeChat”, “Douyin”, “Weibo” və “Xiaohongshu” kimi sosial media platformaları ilə əməkdaşlıq davam edir. Məqalədə iki ölkə arasında birbaşa uçuşların turizm əməkdaşlığına mühüm dəstək verdiyi vurğulanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
66
1
azertag.az

2Mənbələr