“Hazırda cənub qonşumuz İranda siyasi vəziyyət olduqca mürəkkəbdir. Sosial-iqtisadi böhran əsas gətirələrək başlanan etirazlar paytaxt Tehran başda olmaqla bir çox böyük şəhərdə keçirilməkdədir. Etirazçılar hökumət binalarını, Bəsicə məxsus qərargahları yandırır və mövcud proseslər fonunda hər gün həyatını itirən insanların da sayı artır. Bu isə o deməkdir ki, etirazlar artıq əsas mahiyyətdən kənar istiqamət üzrə inkişaf edir”.
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə İranda cərəyan edən prosesləri şərh edərkən deyib. O bildirib ki, ölkədə vətəndaş müharibəsinin başlama ehtimalı var:
“Hesab edirəm ki bu ən qorxunc ssenaridir. Təbii ki, əsas diqqətlər rejimin üzərinə fokuslanıb. Onun gələcək varlığı indi əsas müzakirə predmetidir. Keçirilən etirazlar böyük ölçüdə rejimin institusional dayaqlarını sarsıdır. Eyni zamanda biz müşahidə edirik ki, Qərb dairələri mediası fəal şəkildə Rza Pəhləvini dəstəkləyirlər. Lakin onun ölkə daxilində siyasi populyarlığı olduqca aşağı səviyyədədir və ciddi fiqur hesab olunmur. Eyni zamanda İran üçün daha bir arzuolunmaz ssenari ölkəyə xarici hərbi müdaxilənin həyata keçirilməsidir. Birləşmiş Ştatlar tərəfindən İrana zərbələrin endirilməsi gündəmdədir. Mövcud tendensiyanın rejimin süqutu ilə nəticələcəyini demək çətindir. Çünki bundan əvvəl də bu tip aksiyaların şahidi olmuşuq. Ancaq etab - etab başlanan proseslər bir gün mütləq şəkildə İranda radikal dəyişikliklərə səbəb olacaq”.
Süleyman