AZ

İran qaynama nöqtəsində:

İranda etirazlar artıq on gündür davam edir. Etirazların ilk günlərində hökumətin və Dini Lider Ayətullah Əli Xameneinin xüsusilə iqtisadi sahədə yol verilən səhvləri qəbul edən açıqlamalar verməsi, xalqla dialoqa hazır olduqlarını göstərən mesajlar səsləndirməsi və Mərkəzi Bank rəhbərinin dəyişdirilməsi kimi addımlar prosesin daha yumşaq şəkildə idarə ediləcəyi təəssüratını yaratmışdı.

Bu barədə Metbuat.az-a açıqlama verən ANKA İnstitutu Məsləhət Şurasının üzvü, siyasi elmlər doktoru, politoloq Yeşim Demir bildirib ki, günlər keçdikcə bu yumşaq yanaşma rejimin özünü qorumağa yönəlmiş daha sərt təhlükəsizlik tədbirləri ilə əvəz olunub. Onun sözlərinə görə, bu prosesdə Şah Rza Pəhləvinin oğlu Rza Pəhləvinin açıqlamaları da xüsusi diqqət çəkib:
“Rza Pəhləvi uzun illərdən sonra ilk dəfə açıq şəkildə xalqa "mübarizəyə hazır olun" çağırışı etdi və bəzi çevrələrdən dəstək aldı. Lakin İranda mümkün dəyişimin ani və inqilabi deyil, daha çox sistem daxilində transformasiya yolu ilə baş verməsi ehtimalı daha yüksək görünür. Bu ssenariyə görə, prezident Məsud Pezeşkianın həbs olunmaması və ya aradan götürülməməsi halında, Rza Pəhləvinin koordinasiyası altında texnokratlardan ibarət müvəqqəti hökumət qurula və daha sonra seçkilərə gedilərək yeni idarəetmə formalaşa bilər”.Politoloq hesab edir ki, İranda vətəndaş müharibəsi ehtimalı nisbətən zəifdir. Bununla belə, etnik qrupların muxtariyyət tələbləri ölkənin ən həssas məqamlarından biri olaraq qalır.“Kürdlər, bəluclar, ərəblər və türklərin siyasi təmsilçilik tələbləri gələcəkdə İranın ərazi bütövlüyünə təsir göstərə biləcək faktora çevrilib. Bu isə xarici güclərin manipulyasiyası üçün zəmin yaradır. Lakin bu qrupların açıqlamaları göstərir ki, onların əksəriyyəti federal dövlət modelinə üstünlük verir. Bu da vətəndaş müharibəsi ehtimalının niyə aşağı olduğunu izah edir”.Yeşim Demir bildirib ki, İranda rejim dəyişsə belə, bəzi əsas strukturlar dəyişməz qalacaq. Onun sözlərinə görə, hazırkı etirazlar cəmiyyətdə qorxu səddinin aşdığını və rejimə qarşı açıq müqavimətin formalaşdığını göstərir. Buna baxmayaraq, dini liderin istefası və ya ölkəni tərk etməsi belə İranın təhlükəsizlik refleksini, xarici təhdidlərə baxışını və qərarvermə mexanizmini zəiflətməyəcək.“Liderlər dəyişə bilər, təzyiq forması dəyişə bilər, lakin təhlükəsizlik mərkəzli idarəçilik yaxın müddətdə aradan qalxmayacaq. Rejimin tam çökməsi yalnız İnqilab Keşikçiləri Korpusunun rejimə sədaqətini itirməsi halında mümkün ola bilər. Bəzi yerli mənbələr Loristan və Baxtiyari bölgələrində İnqilab Keşikçilərinin müəyyən bölmələrinin silahı yerə qoyaraq xalqla birlikdə hərəkət etdiyini bildirir. Bu isə rejimin təhlükəsizlik dayaqlarında ciddi çatların yarandığını göstərir”.Analitik vurğulayıb ki, İranın nüvə proqramı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır və həm mühafizəkarlar, həm də islahatçılar üçün milli qürur mənbəyinə çevrilib. Bu səbəbdən uzun illər ərzində formalaşmış bilik və infrastrukturun birdən-birə ləğvi real görünmür:“Bununla belə, İranın bölgədəki vəkil qüvvələr üzərindən apardığı strategiyada ciddi dəyişikliklər qaçılmazdır. Bu mərhələdə İsrailin İrana mümkün hücumu da müzakirə edilir. Bəzi mənbələr İsrailin məhdud hərbi zərbə endirə biləcəyini bildirir. Lakin ABŞ və İsrailin açıqlamalarından görünür ki, əsas məqsəd İran xalqına birbaşa liderlik etmək deyil, ölkə daxilindəki qarışıqlıqdan istifadə etməkdir. Bu səbəbdən genişmiqyaslı müdaxilə üçün hələ şərait formalaşmayıb. Ehtimal edilən ssenari İranın ali rəsmilərinə və ya neft infrastrukturu kimi hədəflərə yönələn məhdud zərbələrdir”.Yeşim Demir əlavə edib ki, Venesueladan sonra İranda da oxşar prosesin yaşanıb-yaşanmayacağı tez-tez müzakirə olunur. Hər iki ölkənin ABŞ-ni düşmən kimi görməsi və avtoritar rejimlərə malik olması oxşarlıq yaratsa da, İranın dövlət strukturu Venesueladan qat-qat güclü və daha institusionaldır.Onun fikrincə, İranda baş verənlər ani inqilabdan çox uzunmüddətli güc mübarizəsinə bənzəyir: “Rejim sarsılıb, lakin dövlət hələ çökməyib. Dəyişiklik ya sərt qırılma ilə, ya da tərəflər arasında razılaşma yolu ilə baş verə bilər. Artan zorakılıq isə kompromis ehtimalını zəiflədir. Bir şey aydındır: əvvəlki vəziyyətə qayıdış artıq mümkün deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
30
metbuat.az

1Mənbələr