Bakı, 9 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin investisiyası ilə 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının açılış mərasimi Azərbaycanın yaşıl enerji tarixində mühüm hadisədir. Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji sahəsində investisiya cəlbediciliyini göstərir. Ümumiyyətlə Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizində bərpaolunan külək enerjisi potensialı 150 QVt-dır, Günəş enerjisi potensialı isə 23 QVt-dır.
“Bu baxımdan xarici şirkətlər Azərbaycanda bu sahəyə investisiya qoymağa maraq göstəriblər. Azərbaycanın BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanın “ACWA-Power” şirkətləri ilə əməkdaşlığı nəticəsində bu stansiyaların ölkəmizdə fəaliyyətinə nail olunub. bp-nin investisiyası ilə 240 MVt-lıq elektrik enerjisi istehsal edə biləcək “Şəfəq” Günəş Elektrik Stansiyasının Cəbrayılda təməli qoyulub və 2027-ci ilin sonuna kimi stansiya təhvil veriləcək. O cümlədən yerli şirkətlər Cəbrayıl və Naxçıvanda yaşıl enerji layihələrini reallaşdırır. Azərbaycanın 2030-ci ilə kimi hədəfi elektrik istehsalında bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Bu baxımdan Naxçıvan və Şərqi Zəngəzur yaşıl zona elan edilib. 2030-cu ilə kimi 6000 MVt gücündə bərpaolunan enerjinin əldə olunması planlaşdırılır”,-deyə S.Heydərov bildirib.