AZ

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya

kanallarına verdiyi müsahibə hər zamankı kimi, Azərbaycan üçün strateji xəritə

rolunu oynamağın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Müsahibədə hər bir

sahəyə dair verilən cavablar təkcə ötən ilin yekunlarını şərh etmir, həm də gələcək

illərin prioritetlərini açıq şəkildə müəyyən edir. Regional sülh, çoxvektorlu

xarici siyasət, milli təhlükəsizlik, iqtisadi sabitlik, insan kapitalının

inkişafı və mədəniyyətin qorunması Azərbaycanın uzunmüddətli və inteqrasiyalı

strateji baxışının tərkib hissələridir. Müsahibə bir daha göstərdi ki, Azərbaycan

regionda subyekt kimi çıxış etmək, milli maraqlarını qorumaq və dayanıqlı

inkişaf modeli yaratmaq niyyətindədir. Prezidentin müsahibədə xüsusi olaraq

vurğuladığı məqamlardan biri də Ana dili amili oldu.

İstər sosial tərəqqidə, 

istərsə də milli şüur hadisəsi kimi üstündə "Ana dili" yazılan

kitablar daha böyük iş görüb. Bəlkə buna görə XIX əsrin sonunda maarifçi dalğa

şüur, kimlik hərəkatına "Vətən dili" dərsliyini hasilə gətirməkdən

başladı. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin,

dövlət müstəqilliyinin qurucuları oldular. Bu gün ən vacib faktorlardan biri

etnomədəni sistem sayılır ki, onu qoruyan amil, ilk növbədə, ana dilidir. Bura

etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş, hər şeydən

əvvəl dil saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli

kimliyini zədələyə bilər. Bu gün etnomədəni sistemi qorumaq, xüsusən,

qloballaşmanın milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.

Azərbaycanda milli birlik və həmrəylik ideyasının uğurla həyata

keçirilməsi azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan xalqı

anlayışı ilə yanaşı, Azərbaycan dili anlayışının da var olması milli mövqenin

qorunub saxlanılması ilə yanaşı, müstəqil dövlətin daxili sabitliyinin təmin

edil-məsinə, ölkədə yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq

mühitinin formalaşdırılmasına xidmət edir.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dönəmdə

dil məsələsinə xalqın milli kimliyini təyin edən ümummilli amil kimi yanaşdı.

Yaxşı bilirdi ki, yalnız yaddaşı olan xalq azadlığının qədrini bilər, ləyaqətini

qoruyar. Heydər Əliyev üçün "yaddaş-dil-birlik" eyni məna kəsb edən

anlayışlar idi. Ona görə əksər çıxışlarında refren olaraq vurğulayırdı:

"Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən

birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum

etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda,

onu heç nə dəyişdirə bilməz... Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı

bilin, ingilis, fars, ərəb, fransız dillə-rini də yaxşı bilin. Amma bunların

hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı

olmursan".

Heydər Əliyev həmişə Azərbaycan dilinə, onun siyasi-hüquqi təminatlarına

geniş yer vermiş, fərman, qərar və sərəncamlar imzalamış, praktik həlli istiqamətində

ciddi fəaliyyət göstərmişdir. Ulu Öndər bəyan etmişdir: "Bu gün müstəqil

bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan

dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə

çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin

böyük xidməti var".

Təsadüfi deyil ki, böyük rəhbər ilk "İstiqlal"

ordenini Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araza verərkən, bu barədə 16

aprel 1995-ci il tarixli çıxışında bu şairlərin dil məsələsinə həssaslıqlarını

önə çəkmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin

birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilini ölkəmizin

konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması çağın reallıqları

prizmasından yanaşdıqda misilsiz tarixi nailiyyət sayılır. Sovetlər İttifaqında

vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan

dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik

tariximizin nadir hadisəsi olmaqla yanaşı, gələcək müstəqilliyimizin mühüm təminatlarından

birinə çevrildi.

Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin

də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib. Onun "Azərbaycan dilində

latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12

yanvar 2004-cü il tarixli sərəncamına əsasən, 2004-2008-ci illərdə latın

qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Yaxud 2004-cü il

14 yanvar tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri

haqqında", eləcə də 2007-ci il 30 dekabr tarixli "Dünya ədəbiyyatının

görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin

siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ilə ana dilinin həyatımızın

bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi. Dillə bağlı çıxışlarında

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan dili o qədər zəngindir

ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimizi

qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".

Bütün bunlar göstərir ki, ölkə rəhbəri Azərbaycan ədəbi

dilinə ayrıca diqqət yetirir, dilin taleyini diqqət mərkəzində saxlayır, bu

istiqamətdə ardıcıl, məqsədyönlü siyasət aparır. Xüsusilə Azərbaycan klassiklərinin,

ana dilinin saflığı uğrunda məramla çalışan yaradıcı ziyalıların irsinin

qorunması və təbliği yönündə gördüyü işlər Prezidentin Azərbaycan milli ruhuna

göstərdiyi ən önəmli xidmət olaraq dəyərləndirilməlidir. Yanvarın 5-də, yerli

televiziya kanallarına verdiyi müsahibə zamanı dövlət başçısının dillə bağlı

etdiyi çağırışları da elə bu kontekstdə - görülən işlərin, aparılan

islahatların davamı kimi qəbul etməliyik. Bu müsahibədə də möhtərəm Prezident

İlham Əliyev dil məsələsinə xüsusi toxundu. 

Qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib,

milli kimliyimizin əsasında dayanıb: "Əgər biz müstəmləkəçilik illərində

dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə,

necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən

dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri

istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam.

Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq.

Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də

sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik,

damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra,

ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək,

ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də,

necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq

hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə

dəvət edirəm".

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilinin

qorunması ilə bağlı səsləndirdiyi fikirlər təkcə dil məsələsinə münasibət

deyil, eyni zamanda milli təhlükəsizlik, milli kimlik və dövlətçilik fəlsəfəsinə

dair mühüm çağırış kimi qiymətləndirilməlidir. Dövlət başçısının vurğuladığı

kimi, əcdadlarımız müstəmləkəçilik dövrlərində belə ana dilini qoruyub gələcək

nəsillərə əmanət etmişlərsə, bu gün müstəqil dövlət şəraitində dilimizi qorumaq

hər bir vətəndaşın mənəvi və ictimai borcudur. Prezidentin çıxışı cəmiyyətə

ünvanlanan açıq mesaj olmaqla yanaşı, hər kəsi ana dilinə qarşı məsuliyyətli

davranmağa, milli kimliyimizi qorumaq naminə birgə mübarizəyə səsləyən

prinsipial mövqedir. Bu çağırış əlbəttə ki, ana dilinə həssaslığı artırmağa

xidmət edəcək, onun saflığının keşiyində daha əmin, arxayın dayanmağa səbəb

olacaq. Dilə qarşı müdaxilədə daha mühafizəkar olmaq lazımdır. Sistemli tədqiqatlar

da öz yerində. Bu, onsuz da Azərbaycan alimləri tərəfindən daim aparılıb.  Eyni zamanda şair və yazıçıların mətnlərində

Azərbaycan dilinin incəlikləri qorunub. İndi buna daha konseptual yanaşılacaq.

Çünki Prezident İlham Əliyevin hər çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası

yaradır. Bir daha sübut edir ki, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm

də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız

elm və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün

strateji məsələdir.

Azərbaycan dilinin qorunması həm dövlət, həm də cəmiyyət səviyyəsində

aparılmalı olan mühüm və çoxşaxəli bir prosesdir. Bunu bir neçə istiqamətdə

görüləcək işlərlə uğurlu şəkildə gerçəkləşdirmək olar. Məsələn, dövlət səviyyəsində

tədbirlər təşkil etməklə. Daha sonra elm, texnologiya, hüquq, tibb və digər sahələrdə

Azərbaycan dilinə uyğun terminlərin yaradılması və standartlaşdırılması ilə.

Mediada

dilin saflığına diqqət yetirilməsi mütləqdir. Televiziya, radio, internet və

küçə reklamlarında dil normalarına riayət olunmasına ciddi nəzarət olmalıdır. Həmçinin

Azərbaycan dilinin süni intellekt, mobil tətbiqlər və axtarış sistemlərində dəstəklənməsi

üçün texnoloji layihələrə investisiya qoyulmalıdır.

Digər əsas

yük dillə bağlı təhsil və elm sahəsində aparılacaq işlərin üzərinə düşür. Tədris

keyfiyyətinin artırılması bu gün ən vacib məsələdir. Azərbaycan dili və ədəbiyyatı

dərslərində müasir, interaktiv tədris metodlarının tətbiqi lazımdır. Dil müəllimlərinin

peşəkar inkişaf proqramları, seminar və treninqlər ilə təmin olunmasına ehtiyac

var. Amma ən vacib məsələ dərsliklərimizdə ana dilinə olan sevginin bitkin şəkildə

olmasıdır. Daha çox öz yazıçılarımızın əsərlərinə yer verilməli, ana

dilinin gözəlliklərini, incəliklərini ehtiva edən zövqlü bədii nümunələr dərsliklərdə

yer almalıdır. Bu işə kortəbii yanaşmaq olmaz.

Dillə bağlı elmi tədqiqatlar dərinləşməlidir. Dilin tarixi,

dialektləri və müasir inkişafı ilə bağlı tədqiqatlara dəstək verilməlidir.

Digər vacib məqam, dilin düzgün işlədilməsini təşviq edən

sosial kampaniyalar, televiziya verilişləri və sosial media layihələri

hazırlanmalıdır. Yazı müsabiqələri, ədəbi gecələr, gənclər üçün dil mədəniyyəti

forumları təşkil olunmalıdır.

Bütün bunlar əlbəttə ki, məişət səviyyəsində məsuliyyəti

istisna etmir. Hər kəsin gündəlik ünsiyyətdə ana dilinə hörmətlə yanaşması, yad

sözlərin yersiz istifadəsindən çəkinməsi önəmli məsələdir.

Martin

Haydegger dili "varlıq evi" adlandırırdı. Bu, doğrudan da belədir.

Xalqın, millətin varoluşunun başlıca şərti, gücü onun dilini qorumaqdır. Bütün

yaradıcı resurslar məhz bu amilin yaşarılığına - dilin işığını qorumağa xidmət

etməlidir. Səsimizi və sözümüzü gələcək nəsillərə aydın eşitdirmək üçün!

Elnarə

AKİMOVA,

Milli Məclisin

deputatı, YAP İdarə

Heyətinin üzvü, filologiya elmləri doktoru

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr