AZ

Ölkədə yayılan virusdan necə qorunaq? TƏBİB in həkimi danışdı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Mövsümi dəyişikliklərlə əlaqədar olaraq əhali arasında kəskin respirator virus infeksiyalarının artmasını, həmçinin bu xəstəliklərin ağırlaşmasını müşahidə edirik”. 

“Cebheinfo.az" xəbər verir ki, bu sözləri TƏBİB- in mütəxəssis-eksperti, Nizami Tibb Mərkəzinin həkim- terapevti Könül Muxtarova deyib. O bildirib ki, havada olan virus infeksiyaları insanların yuxarı tənəffüs yollarından – burun və udlaqdan başlayaraq tənəffüs mərkəzlərinə doğru yerləşir, böyüyüb çoxalır və ağırlaşmalara səbəb olur: 

“Daha kiçik yaşlı uşaqlarda ağırlaşmalar daha çox müşahidə edilir. Onlar ətraf mühitdə kontaktda olduqları şəxslərin sayının çox olması səbəbindən daha tez yoluxur və xəstəlik ağır keçir. Bu infeksiyalar özünü xırıltılı tənəffüs, təngnəfəslik, bəzi hallarda isə mədə-bağırsaq traktında pozuntularla göstərə bilir. 

Əhalinin yaşlı nümayəndələri, hamilə qadınlar, kiçik yaşlı uşaqlar və xroniki xəstəliyi olan insanlar arasında ağırlaşmalar daha çox qeydə alınır. İnsanlar özlərində hər hansı ağırlaşma və ya narahatlıq hiss etdikdə təmaslardan qaçmalıdırlar. 

İlk növbədə istirahət vacibdir. Bol maye qəbul etməklə xəstəliyi daha yüngül keçirmək mümkündür. Temperatur olduqda isə mütləq həkimə müraciət etmək lazımdır”. 

Həkim qeyd edib ki, müalicə əsasən simptomatik aparılır: 

“Yüksək risk qruplarına tövsiyə edirik ki, influenzaya qarşı peyvənd olunsunlar. Bu zaman xəstəliyi daha rahat keçirmək və ya ümumiyyətlə, xəstələnməmək mümkün olur. Xəstəliyin ağırlaşmasının əsas səbəblərindən biri özbaşına dərman istifadəsidir. Bundan qaçınıldıqda kəskin respirator virus infeksiyaları 3–5 gün ərzində simptomatik müalicə ilə tam sağalan xəstəlikdir”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr