AZ

1992-ci ilin 24 oktyabrı...

Ermənilər Vaşinqtonda, AXC-Müsavat hakimiyyəti Naxçıvanda Azərbaycana qarşı “sui-qəsd” həyata keçirdi...

1992-ci ilin oktyabrında ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş dövlətlərə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etdi. Azadlığa Dəstək Qanununun əsas müddəaları ikitərəfli iqtisadi yardım, biznesin inkişafı, demokratiya korpusu kimi məqamları özündə birləşdirirdi. Aktın Azərbaycanla bağlı olan 907-ci düzəlişində bildirilirdi ki, “Dəyişdirilmiş düzəlişlər əvvəllər nəzərdən keçirilməmiş daha çox Şərqi Avropa ölkəsini əhatə etmək üçün genişləndirir və Azərbaycana yardımı Ermənistana və Dağlıq Qarabağa qarşı təcavüzü dayandırana qədər məhdudlaşdırır”.

Bu isə o demək idi ki, təcavüzə, işğala məruz qalan Azərbaycana qarşı növbəti ədalətsizlik baş verirdi...

Aylarla davam etmiş müzakirə - Azərbaycan hakimiyyətinin sükutu...

Beləliklə, bu Akt 1992-ci ilin oktyabrında qəbul edilər-edilməz Azərbaycana yardımı məhdudlaşdırdı. Məsələnin mahiyyətinə keçməmişdən öncə, vurğulayaq ki, Azadlığa Dəstək Aktı üçün qanunvericilik prosesi qanun layihəsinin 3 iyun 1991-ci ildə Nümayəndələr Palatasında H.R. 2508 kimi təqdim edilməsi ilə başlamışdı. Qanun layihəsi 26 avqust 1992-ci ildə Nümayəndələr Palatasında müzakirəyə çıxarıldı və bu, Palatada məsələ ilə bağlı yeganə müzakirə və baxış oldu. 1992-ci ilin yayının sonlarında düzəlişlər Senatdan keçdi və 1 oktyabr 1992-ci ildə Azadlığa Dəstək Aktı Senatın müzakirəsinə çıxarıldı, qəbul edildi. Bir neçə gün sonra, 3 oktyabr 1992-ci ildə qanun layihəsi Nümayəndələr Palatasının müzakirəsinə çıxarıldı və qəbul edildi. Prezident Corc Buş 24 oktyabrda 102-511 saylı Dövlət Qanununu imzaladı.

Bütün bu incəlikləri sadalamaqda məqsədimiz var - bu Aktda Azərbaycana yardımın məhdudlaşdırılması o dövrdə müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz üçün böyük zərbə idi. Aktın müzakirəsi, ayrı-ayrı qanunvericilik prosedurlarından keçməsi isə aylarla davam etmişdi. Amma həmin dövrdə  hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəinki bu sənədin Azərbaycanla bağlı məhdudlaşdırılmasına müdaxilə etməmişdi, hətta bundan xəbərsiz idilər. Səbəb isə... səriştəsizlik, laqeydlik...

O vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki...

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə 907-ci düzəlişlə bağlı fikirlərini bölüşüb. Sitat: “Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək”.

Bəli, dövlət başçısı müsahibəsində həmin dövrün mənzərəsini bütün ştrixləri ilə canlandırdı. Həqiqətən də o dövrdə yerində olmayan hakimiyyət, yerində olmayan “kadrlar” ölkədən kənarda Azərbaycana qarşı aparılan heç bir siyasi prosesə müdaxilə etməmişdi və ya edə bilməmişdi. Ya, həqiqətən onların “beynəlxalq aləm” anlayışından xəbərləri yox idi, ya da... başları qarışmışdı...

AXC-Müsavat hakimiyyəti ermənilərin əlinə necə “işləyirdi”?

Gəlin, 1992-ci ilin oktyabrına, Bakıdan 10 min kilometrə qədər uzaq olan Vaşinqtonda onilliklər boyu ölkəmizin əleyhinə işləyəcək qərarın verildiyi dövrə bir də başqa prizmadan baxaq. Bir tərəfdə erməni lobbisinin açıq dəstəyi və təzyiqi ilə Azərbaycana qarşı kampaniya başladılıb, digər tərəfdə isə...

Digər tərəf, yəni, AXC-Müsavat cütlüyü o dövrdə elə dünya erməniliyinin əlinə işləyirdi desək, yanılmarıq. 1980-ci illərin sonundan başlayaraq Azərbaycanın başına gətirilən faciələrin xronologiyasına diqqət yetirsək bunu aydın görmək mümkündür. 1980-ci illərin sonunda Heydər Əliyevi Siyasi Büro üzvlüyündən uzaqlaşdırmaq üçün canfəşanlıq edən erməni lobbisi anlayırdı ki, Azərbaycana qarşı işğal siyasətinin uğurla nəticələnməsinə yalnız Ulu Öndər mane ola bilər. Başa düşürdülər ki, Heydər Əliyev siyasi proseslərin mərkəzində yer aldığı zaman ermənilər öz məqsədlərinə çata bilməyəcəklər - bunun üçün də keçmiş İttifaq daxilində bütün güclərini Heydər Əliyevə qarşı birləşdirmişdilər.

1992-ci ilin oktyabrında da eyni proses gedirdi, sadəcə bu dəfə proseslərin mərkəzində AXC-Müsavat hakimiyyəti yer alırdı. Onlar Heydər Əliyevin nüfuzuna qısqanclıqla  yanaşır, hər vəchlə onu respublikada  baş verən  siyasi proseslərdən  təcrid etməyə cəhd göstərirdilər. Bunun nəticəsi idi ki, Xalq Cəbhəsinin  silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də  Naxçıvanda çevriliş  etməyə, Heydər  Əliyevi tutduğu  vəzifədən devirməyə cəhd  göstərdilər. O dövrü  Heydər Əliyev belə xatırlayırdı: “1992-ci ilin  oktyabr  ayında, biz  Naxçıvanda ağır  şəraitdə yaşadığımız  zaman  bəziləri  bunu da  bizə  çox  gördülər, Naxçıvanda  dövlət çevrilişi  etmək  istədilər. Xalq  Cəbhəsinin böyük  bir  silahlı  dəstəsi  Daxili İşlər  Nazirliyini  zəbt etdi, televiziyanı zəbt etdi.  Onların  bəzi  nümayəndələri  televiziya ilə xalqa müraciət  edib bizi devirmək çağırışları ilə  çıxış  etdilər.  Ancaq heç bir şey edə bilmədilər.  Çünki, xalq bizimlə idi.

Mən o vaxt hər bir  rabitədən məhrum olduğum üçün  bir  çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin  məhəllələrinə, ətraf  kəndlərə, başqa  kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət  edirdilər.  Bir neçə saat  içərisində Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları  toplaşdılar və sinələrini irəliyə  verib Naxçıvanın o vaxtkı  Ali Məclisini və Heydər Əliyevi  müdafiə etdilər”.

Bəli, 1992-ci ilin oktyabrında ermənilər Vaşinqtonda, AXC-Müsavat hakimiyyəti isə Naxçıvanda bu xalqın və dövlətin gələcəyinə qarşı sui-qəsd planlaşdırırdı.

Heydər Əliyevin Riçard Maylsla görüşü...

Dövlət başçısının yerli televiziyalara müsahibəsində bir məqam xüsusilə diqqəti cəlb edir: “Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək”.

Proseslərin inkişafı göstərdi ki, həqiqətən də həmin hakimiyyətin nə yuxarı, nə də aşağı eşalonlarının nümayəndələri ölkəmizə qarşı edilən bu haqsızlıqdan xəbər tutmayıblar. Hətta sonradan xəbər tutmuşdularsa da, bunu xalqdan gizlədirdilər, millətin və dövlətin taleyi ilə oynayırdılar. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti ilk dəfə “Azadlığa dəstək aktı” adlı sənəddən və 907-ci düzəlişdən ABŞ səfiri Riçard Maylsın 4 fevral 1993-cü il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşündən sonra xəbər tutulmuşdu. O zaman Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona yazdığı məktubda blokada vəziyyətində olan Naxçıvana humanitar yardım göstərilməsini xahiş etmişdi. Səfir R.Mayls isə Naxçıvana gedərək Heydər Əliyevlə yardımın hansı marşrutla və necə çatdırılması barədə müzakirə aparmışdı. Çünki qeyd etdiyimiz kimi, 907-ci düzəliş yardımla əlaqədar ciddi məhdudiyyət yaradırdı. Buna baxmayaraq, ABŞ hökuməti muxtar respublikaya 1993-cü ilin martında 1 milyon dollar dəyərində ilk humanitar yardım göndərmişdi. Göstərilən yardımdan əlavə, Birləşmiş Ştatların bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular. Eyni zamanda, Heydər Əliyevin aktiv diplomatik təmasları nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini vəziyyətlə tanış olmaq üçün Naxçıvana göndərmişdilər. Muxtar respublikaya yardım göstərən ilk beynəlxalq təsisatlar isə BMT-nin müvafiq qurumları idi.

İllərlə davam edən haqsızlıq...

Bəli, sonrakı proses aydındır - 907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası səkkiz il ərzində ABŞ yardımından məhrum oldu, “yardım” adı altında erməni lobbisinin oynamağa çalışdığı oyunların qarşısı alındı. 1996-cı ildə senator Con Porterin təklifi ilə hazırlanan “Porter əlavəsi” qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə “Dağlıq Qarabağ” ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu - ermənilər bu yolla da öz məkrlərini həyata keçirməyə çalışırdılar.

Heydər Əliyev o zaman ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi çağıraraq ona bu məsələyə görə ciddi narahat olduğunu bildirmişdi və nəticədə Porter əlavəsinə dəyişiklik edilərək “Dağlıq Qarabağ”ı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə dəyişdirildi. Heydər Əliyev 907-ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton və ABŞ Konqresinin üzvlərilə görüşlərdə onların diqqətinə çatdırdı.

Nəhayət, 907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yarandı. ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verdi. 2003-2004-cü illər üçün də eyni addımlar atıldı.

P.İSMAYILOV

Seçilən
25
1
yeniazerbaycan.com

2Mənbələr