Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziyalara müsahibəsi həmişə olduğu kimi bir sıra strateji məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırmaq baxımından olduqca əhəmiyyətli oldu. Özündə bir sıra mesajları ehtiva edən müsahibə təkcə ölkədə deyil, beynəlxalq media qurumları tərəfindən də tirajlandı ki, bu da dövlət başçısının bəyanatlarına diqqətin bariz göstəricisidir.
Cənab Prezident müsahibədə ölkəmizin regional rolu və qarşıya qoyulan hədəflərlə bağlı danışaraq Zəngəzur dəhlizi və perspektivlərlə bağlı da geniş açıqlama verdi. Qeyd edim ki, Prezidentin Zəngəzur dəhlizi və nəqliyyat infrastrukturu ilə bağlı dedikləri, Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirəcək və ölkənin həm daxili, həm də beynəlxalq əlaqələrində yeni imkanlar yaradacaq mühüm inkişafları göstərir. Prezidentin açıqlamalarında qeyd etdiyi əsas məsələlərdən biri, Zəngəzur dəhlizinin təməlinin artıq İkinci Qarabağ müharibəsindən sonra atılmasıdır və bu layihənin mərhələli şəkildə icrası ilə bağlı çoxdan planların həyata keçirilməyə başladığıdır. O, həmçinin bu layihənin həyata keçirilməsinin Ermənistan üçün də faydalı olduğunu, xüsusən Ermənistanın iqtisadi vəziyyəti və nəqliyyat əlaqələri baxımından vacib olduğunu vurğulayır.
Artıq hər kəs tərəfindən başa düşülür ki, Zəngəzur dəhlizinin işə başlaması, regionda yeni nəqliyyat marşrutlarının açılmasını və iqtisadi əlaqələrin inkişafını təmin edəcək. Bu dəhliz, Şərq-Qərb və Şərq-Cənub istiqamətindəki beynəlxalq ticarət yollarının bir hissəsinə çevriləcək və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini möhkəmləndirəcək. Naxçıvan ilə Azərbaycan əsas hissəsi arasında alternativ nəqliyyat marşrutlarının yaradılması, həmçinin Azərbaycanın şimalı və cənubu arasında yeni əlaqələrin qurulması, ölkənin iqtisadi inkişafını sürətləndirəcək. Prezidentin dediyi kimi, İran üzərindən Araz dəhlizi ilə yanaşı, Zəngəzur dəhlizinin də Ermənistan üzərindən reallaşması, Azərbaycanın regionda nəqliyyat mərkəzinə çevrilməsi baxımından kritik əhəmiyyət daşıyır.
Ən diqqətçəkən məqamlardan biri, Prezidentin qeyd etdiyi Amerika Prezidenti Donald Trampın bu dəhlizin yaradılmasına verdiyi dəstəkdir. Trampın adı ilə bağlı olan bu proses, layihənin beynəlxalq aləmdə tanınmasını və legitimliyini artırır. Prezidentin sözlərinə görə, artıq bu layihə həll olunmuş məsələ olaraq qəbul edilməlidir və Ermənistanın bu layihədən imtina etməsi, "özünəqəsd" kimi qiymətləndirilə bilər. Həqiqətən də əslində, Ermənistanın layihəyə mane olmaq istəməsi, özünün iqtisadi asılılığını davam etdirməsi demək olardı.
Prezidentin açıqlamasında o da xüsusi olaraq vurğulandı ki, Azərbaycanın Zəngəzur dəhlizi layihəsindəki böyük məqsədi, həmçinin tranzit yüklərin ötürülməsi və bu layihənin Şimal-Cənub marşrutunun ikinci hissəsi kimi işləməsidir. Prezidentin dediklərinə görə, bu yol, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars Körfəzi istiqamətində tranzit əlaqələrini bərpa edəcək. Bu, həm Orta Dəhlizin, həm də Şimal-Cənub layihəsinin gücləndirilməsinə imkan verəcək. Prezidentin açıqlamaları həm də Azərbaycanın regiondakı liderliyini və iqtisadi strateji mövqeyini dəstəkləyəcək yeni nəqliyyat infrastrukturlarına olan ehtiyacı vurğulayır.
Prezidentin "Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik" ifadəsi, Azərbaycanın bütün bu regionları birləşdirəcək və yeni iqtisadi əlaqələr yaratmaq istiqamətindəki ciddi hədəfləri göstərir. Bu, Azərbaycanın yalnız özünün deyil, bütün regionun iqtisadi inkişafını təmin edəcək və regional sabitliyi gücləndirəcək. Zəngəzur dəhlizi həmçinin Ermənistan və Azərbaycan arasında iqtisadi və sosial əlaqələri daha da inkişaf etdirəcək, bu isə gələcəkdə sülh və əməkdaşlıq üçün mühüm təməl olacaq.
Nəhayət, Prezidentin "Burada uduzan tərəflər olmamalıdır" sözləri, Azərbaycanın pragmatik yanaşmasının təzahürüdür. Cənab Prezident, bu layihənin ərazi münaqişələrindən kənar, yalnız iqtisadi və nəqliyyat faydalarını nəzərə alaraq həyata keçirilməli olduğunu vurğulayır. Bu yanaşma, yalnız Azərbaycanın deyil, həm də Ermənistanın, o cümlədən də İran və Rusiyanın dəhlizin müsbət təsirini qəbul etməsinə şərait yaradır. Yəni, Zəngəzur dəhlizinin reallaşması bütün region ölkələrinin faydalana biləcəyi bir iqtisadi təşəbbüs olacaq ki, bu da regionda sülh və əməkdaşlıq perspektivlərini gücləndirəcək.
Yusif Bağırzadə, politoloq