Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində elm və təhsilin vəhdətinin dövlət siyasətinin effektivliyində həlledici rol oynadığını vurğulaması bu sahənin strateji əhəmiyyətini bir daha önə çıxardı.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Fatma Yıldırım qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirlər həm mövcud islahatların mahiyyətini, eyni zamanda gələcək hədəflərin də ideoloji əsasını təşkil edir:
"Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin yaradılması mühüm və vaxtında atılmış addım oldu. Bu struktur dəyişikliyi elm və təhsilin paralel deyil, vahid strateji xətt üzrə inkişafını təmin etməyə yönəlib. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, elmi tədqiqatların əsas mərkəzi məhz ali təhsil müəssisələridir və biz bu modeli seçməklə doğru istiqamətdə irəliləyirik.
Qanunvericilik müstəvisində bu yanaşma artıq öz əksini tapmaqdadır. Milli Məclisdə elm və təhsil sahəsini tənzimləyən qanunların təkmilləşdirilməsi, elmi fəaliyyətin nəticəyönümlü olmasına, beynəlxalq indeksli elmi nəşrlərin və tətbiqi tədqiqatların stimullaşdırılmasına xidmət edən mexanizmlərin yaradılması prioritet istiqamətlərdən biridir. Eyni zamanda, elmi tədqiqatların dövlət proqramlarının hazırlanması və qərarqəbuletmə prosesinə cəlb olunması məsələsi də getdikcə daha sistemli xarakter alır".
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, hazırda aparılan struktur islahatları ilə yanaşı, kadr islahatları da xüsusi əhəmiyyət daşıyır:
"Elmi potensialın qiymətləndirilməsi beynəlxalq meyarlar əsasında aparılmalı, elmin məqsədi sadəcə məşğulluq deyil, real inkişaf və rəqabətqabiliyyətli nəticələr olmalıdır. Bu, qaçılmaz bir prosesdir və gələcək inkişafın əsas təminatıdır.
Bir daha aydın olur ki, ölkəmizin davamlı və dayanıqlı inkişafı təbii resurslara deyil, məhz zəka, bilik, təhsil və elmə söykənməlidir. Uzunmüddətli güc yalnız elmi bilik və texnoloji yeniliklərlə formalaşır. Bu baxımdan, dövlət başçısının ortaya qoyduğu strateji baxış həm icra, həm də qanunvericilik hakimiyyəti üçün aydın yol xəritəsidir.
Biz bu xəttə sadiq qalaraq, elm və təhsilin vəhdətini təmin edən islahatları ardıcıl şəkildə davam etdirməli, elmi düşüncəni dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevirməliyik".