Dərmanların düzgün saxlanılmaması onların təsirini zəiflədə, hətta sağlamlıq üçün təhlükəli edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya professor Olqa Tkaçova məlumat verib.
Onun sözlərinə görə, xüsusilə yaşlı insanlar dərmanları tez-tez masanın üzərində, vanna otağında və ya mətbəxdə saxlayırlar ki, bu da böyük səhvdir. Çünki yüksək temperatur, rütubət və buxar dərmanların tərkibini dəyişdirir və onların təsirini azaldır.
Həkim bildirib ki, dərman vasitələri təlimata uyğun saxlanılmadıqda təsirsiz və hətta zərərli ola bilər. Yüksək rütubət, isti hava və birbaşa günəş şüaları preparatların tərkibindəki təsiredici maddələri məhv edə bilir.
Olqa Tkaçova həmçinin qeyd edib ki, istifadə müddəti bitmiş, rəngi, qoxusu və konsistensiyası dəyişmiş dərmanların mütləq utilizasiyası vacibdir. Onun sözlərinə görə, bir çox yaşlı insanlar buna diqqət yetirmir və bu da risk yaradır.
Həkim tövsiyə edir ki, evdə dərmanların saxlanılması üçün ayrıca şkaf və ya aptek qutusu ayrılsın. Dərmanlar quru, sərin və birbaşa işıqdan qorunan yerdə saxlanılmalıdır. Əgər qablaşdırmada “sərin yerdə saxlayın” qeyd olunubsa, dərman soyuducuda saxlanıla bilər, lakin dondurulmamalıdır. Tabletlər tam istifadə olunana qədər öz blisterində və flakonunda saxlanılmalı, müxtəlif dərmanlar bir flakona yığılmamalıdır.
Mütəxəssis həmçinin dərmanların son istifadə tarixlərinin mütəmadi yoxlanılmasını və ev aptekinin vaxtaşırı nəzərdən keçirilməsini tövsiyə edib.
Nuriyyə NATİQQIZI