AZ

Milli enerji strategiyasının yaşıl zəfəri



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Bu gün ölkəmizin müasir tarixinə daha bir strateji uğur – "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışı qızıl hərflərlə yazıldı. Bakıda, “Gülüstan” sarayında cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan artıq dünyada təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də qlobal yaşıl enerji keçidinin aparıcı aktorlarından biri kimi qəbul olunur. Bu hadisə müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə təməlini qoyduğu müstəqil enerji siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən ən uca zirvəyə daşınmasının növbəti təsdiqidir.

Zaman sübut etdi ki, vaxtilə Ulu Öndər tərəfindən imzalanan “Əsrin müqaviləsi” bu gün cənab Prezidentin rəhbərliyi ilə “Yaşıl Enerji İnqilabı”na çevrilmişdir. Cənab Prezident öz çıxışında dövlətimizin iqtisadi müstəqilliyini sarsılmaz rəqəmlərlə ifadə etdi: "Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir". Xüsusi vurğulamaq yerinə düşər ki, bu maliyyə müstəqilliyi dünyada nadir rast gəlinən bir göstəricidir və məhz bu sabitlik "ACWA Power" kimi dünya nəhənglərinin Azərbaycana milyardlarla dollar investisiya yatırmasına zəmin yaradır. Cənab Prezidentin də bildirdiyi kimi, "Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır".

Bu gün Azərbaycanın enerji potensialı 10 min meqavatlıq tarixi rekorda çatıb. Lakin cənab Prezident İlham Əliyevin mükəmməl şəkildə həyata keçirdiyi enerji siyasəti bizi daha böyük hədəflərə – 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə yaşıl enerji generasiyasına doğru aparır. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə – Cəbrayılda, Kəlbəcərdə və bütövlükdə Qarabağda həyata keçirilən layihələr "Böyük Qayıdış"ın enerji sütununu təşkil edəcək. Artıq həmin ərazilərdə 40-a yaxın kiçik su elektrik stansiyasının bərpa edilməsi və yenilərinin tikilməsi Azərbaycanın daxili imkanları ilə yanaşı, həm də yaşıl enerji ixracatçısına çevrilməsi planlarını tamamilə reallaşdırır.

Dövlət başçısının uzaqgörən mesajları arasında xüsusilə süni intellekt və data mərkəzləri ilə bağlı çağırışı gələcəyin iqtisadiyyatına hədəflənmiş bir addımdır. Xəzər dənizinin Azərbaycan sektorundakı 157 giqavatlıq nəhəng külək potensialı Azərbaycanı təkcə bölgənin deyil, Avropanın ən etibarlı enerji tərəfdaşına çevirir. Bu, Ulu Öndərin başladığı böyük missiyanın cənab Prezident tərəfindən zərgər dəqiqliyi ilə tamamlanmasıdır.
Bu tarixi hadisə bir daha sübut edir ki, xalq-iqtidar birliyi və doğru müəyyən edilmiş strateji kurs Azərbaycanı daha qüdrətli və daha təmiz gələcəyə daşıyır. Bu qələbə hər bir azərbaycanlının rifahı və dövlətimizin əbədi müstəqilliyi naminə atılmış möhtəşəm bir addımdır. Biz birlikdə daha güclü Azərbaycan qururuq!




Seçilən
23
aia.az

1Mənbələr