İranda etirazlar getdikcə daha kəskin hal alır. CNN Türk-ün xəbərinə görə, Tehran, Təbriz, Kərəc, Abadan və Şiraz da daxil olmaqla bir çox şəhərdə etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşur. Qorqan qubernatorluğu yandırılıb, Tehranda polis maşınlarının yandığını göstərən görüntülər isə sosial mediada paylaşılıb. İranda küçələr xaos içindədir.
Artıq iğtişaşlarda ölənlərin sayının 45-ə çatdığı bildirilir. Rejim əleyhinə etirazlar bütün əyalətlərə yayılıb. Təhlükəsizlik qüvvələrinin bəzi ərazilərdə gözyaşardıcı qaz və bəzən döyüş sursatlarından istifadə etdiyi bildirilir. İnsan haqları mənbələri indiyə qədər 40-dan çox insanın öldüyünü və minlərlə insanın saxlanıldığını bildirib. Yanvarın 9-na keçən gecə ölkə daxilində internetdə əhəmiyyətli dərəcədə yavaşlama və kəsintilər, eləcə də elektrik enerjisi problemləri olub. Etirazlarda İnqilab Keşikçilərinin iki əsgəri həlak olub, bir Bəsic üzvü isə ağır yaralanıb. Bəzi ərazilərdə etirazçılar "Pəhləvi qayıdacaq" şüarları səsləndirib, sürgündəki Rza Pəhləvi isə sosial media vasitəsilə insanları küçələrə çıxmağa çağırıb.
CNN International-ın məlumatına görə, etirazçıların bir hissəsi sürgündəki vəliəhd şahzadə Rza Pəhləvinin cümə axşamı nümayişlərə qoşulmaq çağırışına səs verib. Yürüş iştirakçılarının səsləndirdiyi şüarlardan biri "Bu son döyüşdür, Pəhləvi qayıdacaq"dır. Son etirazlar baş verərkən, Pəhləvi sosial mediada ruhlandırıcı bir paylaşım edərək iranlıları "küçələrə çıxmağa və vahid cəbhə olaraq tələblərini səsləndirməyə" çağırıb.
Bu arada yayılan kəşfiyyat məlumatlarına görə, İrandakı etirazlar yatırılmasa, Xamenei B planını işə salacaq. Xamenei 20 köməkçisi və ailə üzvlərindən ibarət kiçik bir qrupla Tehrandan qaçmağı planlaşdırır. Onun qaçış üçün Moskvadan başqa çarəsi yoxdur.
Üstəlik, Tramp İranı hücumla hədələyir. ABŞ Prezidenti bildirib ki, etirazlarda insanlar öldürülərsə, Vaşinqton "İrana çox sərt zərbə vuracaq". "The Hugh Hewitt Show" verilişində çıxış edən Tramp bu cür hərəkətlər davam edərsə, İranın ağır bədəl ödəyəcəyini bildirib.
Onlayn monitorinq təşkilatı Netblocks isə İranda ümumölkə miqyasında internet kəsintisini bir sıra rəqəmsal senzura tədbirləri ilə izah edib.
Maraqlıdır, vaxtilə Xomeynietirazlar sonucu Fransadan gəlib İranda molla rejimini qurdu. İndi də Fransada yaşayan Rza Pəhləvinin adı etirazçıların dilində daha çox hallanmağa başlayır. Proses Fransadanmı idarə olunur?
SAMİRƏ