AZ

Tramp Ukraynanın təhlükəsizliyinə zəmanət verəcəyinə eyham vurub

ABŞ prezidenti gələcəkdə Vaşinqtonun Ukraynanın təhlükəsizliyində iştirak edə biləcəyini istisna etməyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp The New York Times qəzetinə müsahibəsində Vaşinqtonun gələcəkdə Ukraynanın müdafiəsində iştirak etməsi ilə bağlı öhdəlik götürməyə hazır ola biləcəyinə işarə edib. Onun sözlərinə görə, bu mövqe Rusiyanın Ukraynaya yenidən hücum etməyəcəyinə dair inamla bağlıdır. “Mən qəti şəkildə inanıram ki, onlar yenidən hücum etməyəcəklər. Əks halda, buna razı olmazdım”, deyə Tramp bildirib.

Qəzet qeyd edir ki, ABŞ lideri Rusiyanın istənilən atəşkəs razılaşmasını pozaraq yenidən Ukraynaya hücum edəcəyi təqdirdə, Amerikanın bu ölkəni qorumaq üçün müharibəyə qoşulmağa hazır olub-olmaması ilə bağlı suala cavab verib.

Məlum olduğu kimi, müharibənin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən, o cümlədən ABŞ-dən təhlükəsizlik zəmanətləri almağa çalışır. O, mümkün sülh razılaşması əldə edildiyi halda, yeni hücum baş verərsə, Ukraynanın müdafiəsinə yardım göstəriləcəyinə dair açıq öhdəliklər tələb edir.

The New York Times yazır ki, Trampın bu açıqlamaları onun indiyədək səsləndirdiyi mövqelərdən daha irəli gedir. Beləliklə, o, ən azı dəstək xarakterli olsa da, bu cür öhdəliyin altına imza atmağa hazır olduğunu nümayiş etdirib.

Eyni zamanda Trampın sözləri göstərir ki, o, Rusiya prezidenti Vladimir Putinin sülhə can atdığına dair əvvəlki fikrində qalır. Bu isə Rusiyanın Tramp administrasiyası ilə təxminən bir il davam edən danışıqlara baxmayaraq müharibəni dayandırmaq istəməməsi fonunda diqqət çəkir. “Məncə, o, razılaşma bağlamaq istəyir. Mən bu barədə çoxdan düşünürəm”, deyə ABŞ prezidenti bildirib.

Mümkün sülh sazişinin ABŞ və onun müttəfiqlərindən Ukraynaya yeni hərbi dəstək tələb edə biləcəyi ilə bağlı sual ünvanlandıqda isə Tramp müdaxilə edərək vurğulayıb ki, belə bir ssenaridə ABŞ ikinci dərəcəli rol oynayacaq.

“Belə deyək: Ukraynanın müttəfiqləri, bütün Avropa, bu prosesə qoşulan digər ölkələr və ondan sonra ABŞ”, deyə Tramp vurğulayıb.

Tramp həmçinin iddia edib ki, bəzi hallarda Putinlə razılaşmaya gəldiyi vaxtlar olub, lakin Zelenski həmin razılaşmadan imtina edib. Başqa hallarda isə əksinə, Zelenski razı olub, amma Moskva geri çəkilib. “Düşünürəm ki, indi hər ikisi razılaşma istəyir, amma bunu hələ dəqiqləşdirməliyik”, deyə Tramp əlavə edib.

ABŞ liderinin sözlərinə görə, əgər Putin atəşin dayandırılmasına qarşı çıxmağa davam edərsə, Vaşinqtonun Ukraynaya dəstəyini artıracağına dair vəd verməyə hazır deyil. O, müharibənin nə qədər müddətdə bitəcəyinə dair də konkret tarix açıqlamayıb. “Mən elə bir vəziyyətə düşmək istəmirəm ki, bunu deməli olum, çünki mənim borcum insanların həyatını xilas etməyə çalışmaqdır. Biz əlimizdən gələni edirik. Konkret vaxt cədvəlim yoxdur”, – deyə Tramp yekunlaşdırıb.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr