AZ

Masallıda yaxın illərdə aşkar edilmiş nəhəng küplərin sirri - FOTO

MASALLI, 9 yanvar. TELEQRAF

Masallı rayonunda müxtəlif dövrlərdə aşkarlanan nəhəng küp qəbirlər bizim eranın birinci əsri ilə bağlı maraqlı və əhəmiyyətli məlumatları üzə çıxarıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, tapıntılar rayonun Eminli kəndi ərazisində aparılan təsərrüfat işləri zamanı aşkar edilib.

Məlumata görə, Eminli nekropolunda ilk küp qəbir 2022-ci ildə üzə çıxıb. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində eyni ərazidə daha iki küp qəbir aşkar edilib.

Tapılan bütün küplərin daxilində insan sümüyü qalıqları ilə yanaşı müxtəlif maddi-mədəniyyət nümunələri müəyyən olunub.

Araşdırmalar göstərir ki, Eminli nekropolunda son üç il ərzində bu tipdən olan üç küp qəbir aşkarlanıb. Küplər onların içərisində dəfn olunmuş şəxslərin yaşına və bədən ölçülərinə uyğun formada hazırlanıb.

Qəbirlər cinsi fərqlərə görə kişi, qadın və uşaq məzarlarıdır. Kişi məzarı 52 yaşlı şəxsə aid olub, diametri təxminən 170 santimetr olan iri küpdə yerləşir. Qız uşağına aid olan küp nisbətən kiçik ölçülüdür və 130–140 santimetr diametrindədir.

Son aşkar edilən qadın küp məzarının ölçüsü isə birinci tapılandan təxminən 10 santimetr fərqlənir.

Mütəxəssislərin bildirdiyinə görə, küplərin içərisində aşkarlanan skelet qalıqları Qafqaz irqinin cənub qoluna aid edilir. Bu fakt bölgənin qədim etnik tərkibi ilə bağlı yeni elmi mülahizələrin irəli sürülməsinə imkan yaradır.

Tapılmış hər üç küp qəbir nümunəsi hazırda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. Onlardan yalnız biri muzeyin ekspozisiyasında ziyarətçilər üçün nümayiş etdirilir.

Muzey əməkdaşlarının verdiyi məlumata görə, küp qəbirlərdən gil qablar, müxtəlif su qabları, muncuqlar, kəmər bəndləri, tunc sırğalar, dəstəyi sümükdən olan bıçaq, xəncər və digər məişət əşyaları aşkarlanıb.

Bundan əlavə, qəbirlərdən Parfiya dövrünə aid gümüş sikkə də tapılıb.

Qeyd olunur ki, Eminli nekropolunda aparılan elmi tədqiqatlar zamanı bu tapıntıların Atropatenanın siyasi və mədəni əlaqələri haqqında mühüm məlumatlar verdiyi, eləcə də bizim eranın birinci əsrinə aid olduğu elmi əsaslarla sübut edilib.

Seçilən
19
teleqraf.com

1Mənbələr