ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə imzalanan razılaşmanın Vaşinqtonun Rusiya–Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirməsi üçün əsas şərt olduğunu bildirib.
Editor.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
“İrəliləmək istəyiriksə, nadir torpaq metallarına ehtiyacımız var dedim. Biz xərclədiyimiz pulları geri istəyirik”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti daha əvvəl jurnalistlərə açıqlamasında Ukraynaya göndərilən maliyyə vəsaitlərinin böyük hissəsinin geri qaytarılacağını bildirmişdi. Bununla yanaşı, Vaşinqtonun “xərclədiyindən də artıq vəsait əldə edə biləcəyini” istisna etmədiyini qeyd edib.
Qeyd edək ki, aprelin 30-da ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonda ABŞ–Ukrayna Yenidənqurma İnvestisiya Fondunun (RIF) yaradılmasına dair razılaşma imzalayıblar.
Xatırladaq ki, ötən ilin dekabrında The New York Times qəzeti ABŞ-ın ən iri investisiya şirkətlərindən biri olan BlackRockun Ukraynanın bərpası prosesində əsas rol oynaya biləcəyi barədə məlumat yayıb.
//Gülnarə Abasova, Editor.az