ABŞ prezidenti Tramp, Rusiya və Çinin strateji cəhətdən əlverişli ada dövləti Qrenlandiyada gücləndiyini iddia edərək, "Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var" deyib. Tramp həmçinin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin daha geniş Qərb maraqlarına xidmət edəcəyini və Aİ-nin təhlükəsizliyi üçün "bunun lazım olduğunu" iddia edib.
Hafta.az yazır ki, Danimarkanın muxtar bölgəsi olan Qrenlandiya əvvəllər ABŞ-ın suverenliyin təhvil verilməsini də əhatə edən yanaşmalarını rədd etmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen yanvarın 5-də ABŞ-ın NATO müttəfiqinə hərbi hücum etmək qərarına gəlsə, hər şeyin bitəcəyini bildirib. Frederiksen Trampın "Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var" ifadəsini sərt şəkildə tənqid edib.
“New York Times”ın məlumatına görə, 1951-ci ildə ABŞ və Danimarka arasında imzalanan "Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə" Vaşinqton administrasiyasına ada boyunca hərbi bazalar yaratmaq, personal yerləşdirmək, hava və dəniz nəqliyyatına nəzarət etmək səlahiyyəti verir. Saziş həmçinin ABŞ-a Qrenlandiyada hərbi obyektlər tikmək, idarə etmək və saxlamaq üçün geniş səlahiyyətlər tanıyır. Bildirilir ki, bu saziş 2004-cü ildə yenilənib, Qrenlandiyanın yarı-muxtar hökumətinə söz hüququ verilib və ABŞ-ın hərbi fəaliyyətində "əhəmiyyətli dəyişikliklər" etməzdən əvvəl Danimarka və Qrenlandiya ilə məsləhətləşmələr aparmalı olduğunu şərtləndirib.
Kopenhagendəki Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun tədqiqatçısı Mikkel Runge Olesen "ABŞ Qrenlandiyada o qədər sərbəst fəaliyyət göstərə bilər ki, demək olar ki, istədiyi hər şeyi edə bilər" fikrini bölüşüb. Olesen ABŞ-ın Qrenlandiyada istədiyi hər şeyi əldə edə bilməyəcəyini təsəvvür etməyin çətin olduğunu bildirib və bunun "nəzakətlə istəsə" mümkün ola biləcəyini iddia edib. Lakin Olesen Danimarkanın adanı satmaq səlahiyyətinin olmadığını və Qrenlandiyanın bu şəkildə satıla bilməyəcəyini bildirib. Digər tərəfdən, danimarkalı müdafiə analitiki Peter Ernstved Rasmussen iddia edib ki, praktikada ABŞ ağlabatan tələblər edərsə, həmişə "bəli" cavabı alacaq. Bunu "nəzakət düsturu" adlandıran Rasmussen, ABŞ-ın soruşmadan hərəkət etmək istəməsi halında, Danimarkaya sadəcə baza, hava limanı və ya liman tikdiyini bildirə biləcəyi fikrini bölüşüb.
"Təhlükəsizlik vəziyyəti ilə bağlı bu qədər narahatlıq varsa, niyə müdafiə müqaviləsinin mexanizmlərindən istifadə edilmir?" deyə Danimarka Parlamentinin keçmiş yüksək vəzifəli məmuru Cens Adser Sorensen soruşür və əlavə edir: "Çərçivə hazırdır, qüvvədədir".
1946-cı ildə ABŞ Danimarkaya Qrenlandiyanı almaq üçün 100 milyon dollar qızıl təklif edib, lakin Danimarka razılaşmayıb. Bu gün adanın satışı hüquqi cəhətdən daha da mürəkkəbləşib, çünki Qrenlandiya xalqı müstəqillik əldə etmək üçün referendum keçirmək hüququna malikdir. 2025-ci ildə keçirilən sorğuya görə, əhalinin 85 faizi ABŞ-ın adanı ələ keçirməsinə qarşıdır. Digər tərəfdən, Danimarka adanın 57 min sakininin öz gələcəklərini təyin etmək hüququna malik olduğunu vurğulayır.
Qrenlandiyanın strateji yerləşməsinin Trampın yaxın ətrafını cəlb edən yeganə amil olmadığı qeyd olunur.
Adanın buz təbəqəsinin altındakı zəngin vacib mineral ehtiyatları da Vaşinqtonun marağını cəlb edir, lakin ABŞ-ın bu resurslara çıxış üçün adanı ələ keçirməsinə ehtiyac yoxdur. Ancaq Qrenlandiya rəsmiləri suverenlik mübahisələrindən başqa beynəlxalq əməkdaşlığa və ticarət tərəfdaşlığına açıq olduqlarını vurğulayırlar.