AZ

Gözəllik nəğməkarı

Şair olmaq təkcə şeir yazmaq deyil, insanın daxili aləmini, yaşadığı hissləri, gördüyü dünyanı sözlərin incə harmoniyasında bərpa etməkdir. İstedadlı şair isə adi sözlərə belə nəfəs verə, ən sadə duyğunu yeni bir baxışın işığında təqdim edə bilən sənətkardır. Onun qələmi həm zamanın ritmini tutur, həm də insan qəlbinin ən gizli guşələrinə işıq salır. 

Filosof-estetik,  şair, içtimai xadim Aslan Məmməd oğlu Aslanov belə insanların önündə olan şəxsiyyətlərdəndir. Aslan Aslanovun yaradıcılığında Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin,  hətta gülün-çiçəyin belə tərənnümü özünəməxsus yer tutur. Şairin poeziyası həyatla insan arasında körpü rolunu oynayır - bəzən bir kəlməni bütöv bir duyğuya, bir misranı isə insanın iç səsi olan etirafa çevirir. Onun söz dünyası yalnız emosional təsir gücü ilə deyil, həm də bədii dərinliyi, dilinin təmizliyi və poetik baxışının orijinallığı ilə seçilir.

Aslan Aslanov 1926-cı ildə şairlər vətəni Qazax mahalında - Ağstafada anadan olub. Atası Məmməd kişi, anası Zeynəb xanım el yaradıcılığının, sazın-sözün vurğunu idilər. Evlərində tez-tez aşıq  məclisləri olardı. Aslan uşaqlıqdan  onlara  heyranlıqla  qulaq asardı.  Hələ orta məktəbdə oxuyarkən qələmini şeirdə, nəsrdə sınamışdı. O, Ağstafa dəmiryol  orta  məktəbini bitirdikdən sonra ADU-nun (indi BDU) fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə etmiş (1958), dosent  vəzifəsinə təyin edilmişdir. M.A.Əliyev adına  Azərbaycan  Dövlət  İncəsənət İnstitutunun  rektoru (1977-1987) olmuşdur. İsveçrədə (1968), Almaniyada (1970), Ruminiyada  (1972), Moskvada (1979) keçirilən beynəlxalq elmi konqreslərdə məruzə ilə çixiş etmişdir. Böyük Britaniya və Almaniya Federativ Respublikasında (1978-1979) keçirilən sovet elmləri günlərinin iştirakçisi olmuşdur. Aslan Aslanovun estetika sahəsində dərin elmi  axtarışları  onu bu fənnin tanınmış tədqiqatçıları sırasına çıxarmışdır. Xüsusən "İncəsənət və tərbiyə" (1967)  kitabı məşhur idi. A.Aslanovun bu kitab əsasında yazdığı doktorluq dissertasiyası fəlsəfi içtimaiyyətin yüksək elmi qiymətini qazanmışdır. 

Filosof və ictimai xadim Aslan Aslanov düşüncəsi ilə zamanın ritmini dəyişən, sözü ilə cəmiyyətə yol göstərən nadir şəxsiyyətlərdən olmuşdur. Onun həyatı bir kitab kimi oxunur. Aslan müəllim ictimai fikir məkanına girəndə sanki ağır bir qapı açılırdı: orada səslər susur, məna danışmağa başlayırdı. Alim-şair cəmiyyətin ağrılarını oxumağı, zamanın güzgüsündə insanın taleyini görməyi bacarırdı.

 Aslan Aslanov cəmiyyəti bir canlı orqanizm kimi hiss edirdi. Hansı tərəfin ağrıdığını, nəyin dəyişməyə ehtiyacı olduğunu duyan bir şəxsiyyət idi. Onun çıxışları, yazıları, görüşləri təkcə analitik düşüncənin məhsulu deyildi, həm də səmimiyyətin, fədakarlığın, insanı özünə qaytaran bir ruhun ifadəsi idi. 

Aslan müəllim həm də zamanının yaddaşı - keçmişi unutmadan gələcəyi qurmaq istəyən bir düşüncə adamı idi. Onun sözündə tarix danışır, baxışında gələcək görünürdü. Müdrikliyi sadə sözlərlə, mürəkkəb həqiqətləri aydın fikirlərlə çatdırmağı bacarırdı.

Qurban göylərində saysız sayrışan,

Sonsuz ulduzların zər naxışına. 

Pərişan Arazı Kürə qarışan 

Ana torpağının hər qarışına…

misraları ilk baxışda sadə bir təbiət təsviri kimi görünür. Lakin bu sətirlərin dərin qatlarına endikcə, müəllifin kainatla və torpaqla bağlı varoluş fəlsəfəsinin, milli yaddaşın və insan taleyinin kosmik ölçüdə dərk edilməsinin şahidi oluruq.

Aslan Aslanovun "qurban göylərində" ifadəsi, sadəcə, dini bir metafora deyil. O, min illərin inamının, xalqın öz taleyini göylərlə bağlama ənənəsinin poetik təcəssümüdür. Buradakı "qurban" həm də fədakarlıq, insanın öz varlığını daha böyük bir dəyər uğrunda fəda etməsi deməkdir.

Bu göylərdə "saysız sayrışan" ulduzlar isə xalqın yaddaşı kimi əbədi işıldayan ruhları, tarix boyu torpaq uğrunda can verənlərin izlərini, bəşər varlığının sonsuzluğa uzanan taleyini simvolizə edir. Şair burada insanın yer üzündəki ömrünü ulduzlarla birləşdirərək həm faniliyi, həm də əbədiliyi bir an içində yanaşı göstərir.

"Pərişan Arazı Kürə qarışan" - sərhədlərin kədəri və təbiətin fəlsəfəsidir. Çünki şairə görə, Araz və Kür təkcə çay deyil, həm də həsrətin, bölünmüş talelərin, parçalanmış Vətən yaddaşının simvoludur. "Pərişan Araz" ifadəsi yüzillik ayrılıqların, qürbətlərin, həsrətlərin poetik təsviridir. Son misra isə Aslanov poetikasının mərkəzidir. 

Nəticə olaraq bu şeir yalnız təbiət təsviri deyil - xalq yaddaşının, torpaq sevgisinin, həsrətlərin, birliyin və kosmik fəlsəfənin poetik harmoniyasıdır. Aslan Aslanov burada insanın iç dünyasını kainatla qovuşduran bir poetik körpü yaradır və oxucunu həm özünə, həm də Vətənə daha dərin bir baxışa dəvət edir.

Gəldim ki,  boylanım gur bulaqlara, 

Görüm qocalmışam, qocalmamışam.

Baxım qürur dolu yaşıl dağlara 

Görüm ucalmışam,  ucalmamışam.

Sadəlik ən böyük müdriklikdir və böyük müdriklik də özünün sadə izahını tapmalıdır. Ən gözəl harmoniya da elə bu vaxt yaranır. Şair səsi oxucu ürəyində öz əks -sədasını tapır...

Şeir müəllimim olmayıb mənim,

Bircə ustadım var - o da sevgidir.

Dünyada ən böyük eşqim- Vətənim,

Məni şair edən onun şövqüdür...

Misal gətirdiyimiz "Olmayıb" adlı şeirin sonundakı iki misranı xüsusi qeyd etmək istərdik: 

Sərvət müəllimim olmayıb mənim.

Sərvətim - bir kiçik söz diyarımdır...…

Müəllif digər bir şeirində yazır:

Önümdə bir dəstə gül, 

Üstündə şeh damcısı 

Kirpiyimdə parlayır, 

Sevincimdən göz yaşı.

Bu misralar ilk baxışda çox sadə, zərif bir duyğunu ifadə etsə də, Aslan Aslanovun poetik təbiəti burada həm simvolik, həm də emosional qatlarla zəngin bir mənzərə yaradır. Şair duyğunu təmtəraqsız, səmimi, təbii təqdim edir. Lakin bu sadəlik arxasında dərin bir mənəvi hal dayanır.

Gül - Azərbaycan poeziyasında sevginin, gözəlliyin, ümidin ən qədim rəmzlərindən biridir. "Üstündə şeh damcısı" - təbiətin göz yaşı və saflıq rəmzidir. Şeh damcısı poetik baxımdan təbiətin öz göz yaşı, səhərin saflığı, həyatın ilk nəfəsi, paklığın işıltısı kimi dərk olunur. Aslanovun şeirlərində şehin olması duyğunun təmizliyini göstərir. 

Şeir üç mənbəli emosional bir tablo yaradır:

Gül - gözəllik, təbiət, sevgi

Şeh - saflıq, təbiətin duyğusu

Göz yaşı - insanın öz duyğusunun ifadəsi...

Bu üç hal birləşərək duyğunun təbiətdən insana, insandan poetik ifadəyə keçdiyi bir harmoniyanı yaradır.

İstedadlı şair A.Aslanovun poeziyasında  məhz təbiətin özündən, dumanlı dağlardan, meşələrdən, səhər-səhər  kirimişcə puçurlayan  ağaclardan, narın-narın yağan yağışlardan, mavi gözlü bulaqlardan, dan yerinin ilk şəfəqləri ilə işıqlanan şumlardan, otlaqlardan  və insan qəlbinin incə çırpıntılarından gələn təravətli duyğuları hiss edirsən.  Şair təbiəti, insanı həssaslıqla duyub ifadə etməyi bacarırdı. O, heç zaman mədhiyyəçilik etmirdi. Sadəlövh heyranlığına aludə olmurdu. O, təbiəti həssas bir rəssam kimi duyurdu: 

    

Keçdi gecə, ay dolandı, səma aydın, doğdu ülkər, 

Əsdi külək güzgü suya yarpaq atdı səhər-səhər.

Silkindilər ağ ördəklər, göy göllərdə üzdülər, bax,

Ala gözlü nazlı qızlar saçlarına çəkdi daraq.  

Təbiilik,  zərif və sadəlik, aydınlıq, təbiətə nüfuz etmək həssaslığı Aslan Aslanovun şeirinin  gözəl xüsusiyyətlərindəndir. Onun dilində xalqdan gələn bir şirinlik vardı. Onda ürəyə yatmayan süni  ifadəyə rast gəlmək çətindir. 

Azərbaycan dili anamın dili,

Nənəmin sevdiyi xananın dili, 

Böyük Füzulinin, Vaqif, Vurğunun,

Elimin, obamın, komamın dili.

və ya 

Əgər bütün lalələr yığılsaydı bir yerə,

Sahilləri görünməz qızıl ümman olardı.

Dağlar - onun dalğası,  göylər - onun aynası,

Hər  dağ üstə ağ bulud  bir ərməğan olardı. 

Deyilənə görə, ömrün mənası müdriklikdə cəmləşir, onda öz tacını tapır. Aslan Aslanovun şeirlərində bu müdriklik aydın nəzərə çarpır. O, həyatda ən böyük mənanı yaratmaqda duyur. Təbiətin qanunu öz hökmünü verəcək. Həyat davam edəcək, dünya yenə gözəlliklər  yaradacaq.

   

...Yerimdə bir ömür açacaq çiçək,

Dünya bir çiçək də gözəlləşəcək -

deyən şairin şeirləri sətir-sətir, varaq-varaq oxunduqca yaşayacaq, var olacaq. 

Aynur ƏLİYEVA,

"Göy Qurşağı" jurnalının redaktoru

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr