AZ

Quba: görüləcək işlər çoxdur

Regionlarda müasir infrastrukturun qurulması ölkəmizdə qarşıya qoyulan vacib məsələlərdəndir. Bu baxımdan Quba da istisna deyil. Daim qonaqlı-qaralı rayon olduğu üçün buradakı yeniliklər daha aydın görünür.

Rayonda ilin 12 ayı geniş tikinti-quruculuq işləri həyata keçirilir, sosial-iqtisadi layihələr icra edilir, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi istiqamətində tədbirlər görülür, parklar, küçə və prospektlər abadlaşdırılır.

Bütün bu işlərin sırasında qubalıların şəhidlərimizin əziz xatirəsinə bəslədiyi ehtiram özünü aydın büruzə verir. Yola saldığımız 2025-ci ilin son bir neçə ayı ərzində Şəhidlər xiyabanında vətən və torpaq fədailərinin müqəddəs adlarına və unudulmaz xatirələrinə layiq yeni layihə əsasında işlər aparılıb. Burada müasir üslubda genişmiqyaslı tikinti, yenidənqurma, təmir, bərpa, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri həyata keçirilib. Ayrı-ayrı guşələr yaradılıb, şəhidlərin fotoşəkilləri xatirə lövhəsi formasında hazırlanıb. Xiyabanın ərazisində Ulu Öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhidlik, şəhidlər haqqında dəyərli kəlamları öz əksini tapıb, mühüm məna kəsb edən simvollar qoyulub. Onlardan biri şəhidlərimizin uğrunda canlarından keçdikləri doğma ərazilərimizdən gətirilmiş, bir növ o torpaqların rəmzi olan qaya parçasıdır.

Son vaxtlar Quba şəhərinin bir sıra küçələri, o sıradan Mərkəzi Xəstəxana yolu yenidən qurularaq asfaltlanıb, əsaslı və ya cari təmir olunub. Yeri gəlmişkən, qeyd edək ki, son 2 il ərzində şəhərin 50-dən artıq küçəsinə 160 min kvadratmetr astalt döşənib, bəzi küçələrin başlanğıc hissəsində yeni səkilər salınıb, dağılmış səkilər təmir olunub. Paralel olaraq mərkəzi küçələrdə yeni işıqlandırma sistemi qurulub, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq zolaqları salınıb. Yeni müəssisələrin ərazisində də ağaclar əkilib. Eləcə də Nizami adına Mədəniyyət və İstirahət parkında əsaslı təmir işləri görülüb, o cümlədən "Tağlı körpü" istiqamətində enən pilləkənlər aqlay örtüyü döşənərək tam təmir olunub, parkdakı piyadaların gəzinti yerlərində sıradan çıxmış aqlaylar yeniləri ilə əvəz olunub, müasir işıqlandırma sistemi qurulub, ərazi yaşıllaşdırılıb. Həmçinin oturacaqlar təmir olunaraq rənglənib. Dədə Qorqud parkında da bu qəbildən bir sıra işlər görülüb, o sıradan memarlıq üslubunda simvolik heykəl kompozisiyaları quraşdırılıb.

2025-ci il ərzində təkcə rayon mərkəzi deyil, kəndlər də xeyli abadlaşıb. Alekseyevka kəndinin ərazisində "Frutena" MMC tərəfindən meyvə konsentratı, meyvə şirəsi istehsalı və doldurulması müəssisəsinin tikintisi qısa müddətdə başa çatdırılıb, yollarda əsaslı təmir işləri həyata keçirilib, yeni yollar çəkilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 kilometr) - Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlərə başlanıb. Əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilib. 

Hazırda Quba Peşə liseyi və Hacıhüseynli kənd tam orta məktəbi üçün binalar, Quba DOST və peşə hazırlığı mərkəzləri tikilir. Bu il habelə rayonun bir sıra yaşayış məntəqələrində yeni modul tipli məktəblərin quraşdırılması və digər layihələrin icrası nəzərdə tutulur. Bir sözlə, bu il də görüləcək işlər çoxdur. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr