Ağstafa
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, ölkəmizdə əhalinin ərzaq təminatının daxili imkanlar hesabına ödənilməsi indi hökumətin prioritet fəaliyyət istiqamətlərindən biridir. Odur ki, aqrar sektor üzrə həyata keçirilən tədbirlər, imzalanan qərar və sərəncamlar, ilk növbədə, həmin hədəfə yönəlib.
Hər il kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olan rayonlardan biri də Ağstafadır. Rayonda məhsul istehsalı üzrə davamlı inkişafa nail olmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Xüsusən mövcud əkin sahələrindən səmərəli istifadə olunması, torpağın əkilib becərilməsində qabaqcıl texnologiyalara üstünlük verilməsi diqqət mərkəzində saxlanılır.
Keçən il rayonda qiymətli əzaq məhsulu olan taxıl istehsalında müsbət irəliləyişlər olmuşdur. 7916 hektarda taxıl əkən fermerlər buğda sahələrinin hər hektarından 34,5, arpa sahələrindən 25 sentner məhsul götürərək əvvəlki illərin göstəricilərini üstələmişlər.
Təsərrüfat sahibləri artıq cari ilin yaz tarla işlərinə başlamışlar. Bu il taxıl əkini sahələri bir qədər genişləndirilərək 8178,2 hektara çatdırılmışdır. Onun 4812,3 hektarı buğda, 3374,9 hektarı arpa sahələridir. Rayonda səpin işlərinə 90-na yaxın texnika cəlb edilmişdir. Səpindən sonra 5339 hektarda suvarma aparılmışdır. Bitkinin inkişaf fazasında 2-ci və 3-cü suvarma ilə yanaşı, sahələrə yemləmə gübrəsi verilmiş, alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür.
Əvvəlki illərdə olduğu kimi, bu il də rayonun Göyçəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən, Qıraq Kəsəmən kəndlərinin sakinləri yaz tarla işlərində fərqlənirlər. Onlar günəbaxan bitkisi əkiləcək sahələrdə arat işlərinə start vermiş, kartof sahələrini səpinə hazır vəziyyətə gətirmişlər. Bununla yanaşı, 1619,3 hektar meyvə bağına lazım olan üzvi və mineral gübrələr verilmiş, ağacların dibi yumşaldılaraq budama işləri görülmüşdür.
Yeri gəlmişkən, qeyd edək ki, rayonda intensiv bağların salınmasına maraq getdikcə artır. Kolxəlifəli kəndində Səxavət Binnətov 55, Aşağı Göyçəli kəndində Nazim Əhmədov 6, Zəlimxan kəndində Elfaq Mamayev 1,49 hektarda intensiv fındıq bağı salmışlar. Fermerlər bağlara yüksək səviyyədə qulluq göstərməklə 100 faiz bitiş əldə etmişlər. İndi bağ sahibləri xəstəlik və ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görməyə hazırlaşırlar.
Hazırda Ağstafada 508 hektar üzüm bağı var. Keçən il hər hektardan orta hesabla 153 sentner məhsul əldə edən fermerlər bu il bağlardan daha çox üzüm götürmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov, Kolxəlifəli kəndindən Yuləti Kərimov keçənilki göstəricilərini artırmağı qarşılarına məqsəd qoymuşlar. Hazırda üzüm bağlarında budama işləri aparılır.
Qazax
Rayon icra hakimiyyətində yaz tarla işlərinə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qarşıdan gələn yaz tarla işlərinə hazırlığın vəziyyəti barədə məlumat vermişdir.
Bildirmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir: "Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər iqtisadiyyatda böyük pay sahibi olan aqrar sektorun inkişafına müsbət təsir göstərir". Müşavirədə qeyd edilmişdir ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan, son illər Qazaxda digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır.
Sonra yaz tarla işlərinə hazırlığın vəziyyəti geniş təhlil edilmişdir. Əkin sahələrinin vaxtında suvarılması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi qeyd edilmiş, xüsusən sudan qənaətlə istifadə edilməsi üçün kəndlərdə tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, məhsuldarlığın artırılmasında başlıca rol oynayan suvarma suyu ilə təminata diqqətlə yanaşılmalıdır. Bunun üçün suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır. Sonra Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək 2026-cı ilin məhsulu üçün rayonda 6880 hektarı arpa, 4740 hektarı buğda olmaqla 12023 hektarda taxıl səpilməsinin nəzərdə tutulduğunu demişdir. Məlumat vermişdir ki, bu günə kimi 6850 hektarda arpa, 4752,8 hektarda buğda səpini başa çatdırılmışdır.
Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün görüləcək işlərin vacibliyi vurğulanmış, əvvəlki illərdə olduğu kimi, bu il də yaz tarla işlərinin mütəşəkkil keçirilməsi üçün tapşırıqlar verilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"