Bu il şəbəkəyə qoşulacaq stansiya gələn il tam gücü ilə fəaliyyətə başlayacaq
Texniki tərəqqi başlanan son 250 ildən bəri yaşadığımız Yer kürəsi hələ indiki kimi qlobal miqyasda fəlakətli risklərlə üzləşməmişdir. Planetimizdə karbon dioksidinin və ya istilikxana qazlarının görünməmiş səviyyədə artması quraqlıq, su qıtlığı, səhralaşma, daşqın, sel, torpaq sürüşməsi, qasırğa, sunami, ərzaq qıtlığı və s. fəlakətlərlə insanı üz-üzə qoymuşdur.
Halbuki uca Tanrı təbiətdə nə varsa, hamısını bir-biri ilə tarazlaşdıraraq yaratmışdır. Bu tarazlığı pozan isə insandır. Təbiətə müdaxilələr etməklə, sürəti və məhsuldarlığı artırmaq istəyi, sərvətlərə hərisliyi ilə, odlu silahlarla, dağıdıcı müharibələrlə. O üzdən dünyanı tarazlığına qaytarmaq da insanın öhdəsinə düşür.
Azərbaycan elmi-texniki tərəqqinin nailiyyətlərindən vaxtında və uğurla istifadə etməyi bacaran ölkələrdəndir. Vətənimizin bir hissəsi - gözəlliklər məskəni Qarabağ və Şərqi Zəngəzur 30 il idi ki, düşmən tapdağı altında idi. Ermənilər bu torpaqları özününküləşdirmək, Ermənistana ilhaq etmək və ya ayrı bir "respublika" yaratmaq üçün hər cür çirkin əməllərə əl atırdılar. Təəssüflər olsun ki, bəzi Avropa təşkilatları və parlamentariləri demokratiya pərdəsi altında gizlənərək onların bu qanunsuz niyyətlərini müdafiə edir, uydurulmuş konfliktin ədalətlə həll edilməsinə mane olur, bizi isə reallıqla barışmağa, dədə-baba torpaqlarımızdan əl çəkməyə təhrik edirdilər. Lakin Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə çözülməsə, hərbi yolla həll ediləcəyini ATƏT-in Minsk qrupunun həmsədrlərinə və problemin həllinə mane olan hər kəsə dönə-dönə bildirirdi. Və belə də oldu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücuma keçərək 44 gün ərzində 30 illik işğala son qoydu. İndi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə möhtəşəm yenidənqurma işləri gedir.
Bu işlərin tərkib hissələrindən biri də Qarabağ və Şərqi Zəngəzurda, eləcə də bütün ölkə ərazisində "yaşıl enerji"yə üstünlük verilməsidir. Bu gün Azərbaycanın bir sıra regionlarında günəş və küləklə işləyən, yəni günəş və külək enerjisini elektrik enerjisinə çevirən stansiyalar tikilir. Belə stansiyalardan biri də Biləsuvar rayonu ərazisində inşa edilir.
Stansiya Ələt-Astara magistral şose yolunun Biləsuvara dönən hissəsindən təxminən bir kilometr kənardakı boş, əkinə və otlağa yararsız ərazidə inşa olunur. İnşaat işlərinə yola saldığımız ilin aprel ayında başlanılmışdır. Stansiyanın ərazisi 1454 hektardır. Tikintidə işlər gündən-günə sürətlənir. Qeyd edək ki, BƏƏ-nin "Masdar" şirkəti və "SOCAR Green" tərəfindən icra edilən bu layihə Azərbaycanda ən böyük günəş-elektrik stansiyasıdır. Rəsmi proqnozlara görə, pik tikinti dövrü üçün ümumi investisiya 2025-2027-ci illər üzrə 652,9 milyon manatdan çox təşkil edəcək.
Hazırda obyektdə işlər təməl hazırlığından aktiv montaj mərhələsinə keçib. Ərazinin hazırlanması, habelə hamarlanması işləri başa çatıb. Planlaşdırılan 138 min 677 dirəkdən 29 min 909-u artıq quraşdırılıb. Günəş infrastrukturuna gəldikdə isə, avadanlıqların gətirilməsi sürətlənir. 80 MVt gücündə olan üzləyicilər artıq ərazidədir. Elektrik bağlantısında əhəmiyyətli irəliləyiş əldə edilib. 137,3 kilometr LVDC və rabitə kabelləri çəkilib. Çoxlu miqdarda günəş və MV kabellərinin gətirilməsi nəticəsində quraşdırma işləri mərhələsində heç bir gecikmənin olmaması təmin ediləcək. Yüksək Gərginlikli HV transformatorunun bu ilin mart ayında stansiyaya gətirilməsi nəzərdə tutulur ki, bu da şəbəkə bağlantısının növbəti əsas mərhələsini asanlaşdıracaq.
Stansiyanın inşasında hazırda 800 nəfərə yaxın işçi çalışır. Pik vaxtda bu rəqəm 2 min nəfərə çatdırılacaq. Stansiyanın bu il şəbəkəyə qoşulması, 2027-ci ildə isə tam gücü ilə işləməsi nəzərdə tutulur. MDB ölkələri arasında 2-ci olacaq bu stansiyanın tam gücü dəyişən cərəyanla 445 miqavata çatacaq.
Seyran CAVADOV,
"Azərbaycan"