AZ

Avropadan Şərq istiqamətinə Orta dəhliz üzərindən yükdaşımaların həcminin artması gözlənilir

Orta dəhliz dünya ticarətində yükaşırma imkanlarını ildən-ilə genişləndirir. İndi bu marşrutla yüklər, əsasən, Şərqdən Qərbə daşınır. Amma dəhlizdə iştirakçı ölkələr Avropadan da yüklərin Şərq istiqamətinə daşınmasında maraqlıdır və bununla bağlı Avropadakı tərəfdaşları ilə danışıqlar aparırlar.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədrinin müşaviri Emil Məmmədovun sözlərinə görə, bu il Avropadan Şərq istiqamətinə daşıma Orta dəhlizin (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafında növbəti mərhələ olacaq. E.Məmmədov bildirmişdir: "Qərb istiqamətində daşımalar ildən-ilə artır və bu artım artıq konkret addımlara əsaslanır. "Middle Corridor Multimodal" birgə müəssisəsi (MCM) vasitəsilə koordinasiya, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə buraxılış qabiliyyətinin genişlənməsi, vaqon və konteyner parkının artırılması, Xəzər dənizi üçün yeni konteyner gəmilərinin inşasına başlanması, eləcə də liman və infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi sayəsində mümkün olub".

2026-cı il dəhlizlə yükdaşımalara baxışda əsas çağırış artıq Avropa istiqamətinin miqyası deyil, sabit və proqnozlaşdırıla bilən Şərq istiqamətli daşımaların formalaşdırılmasıdır. "Məhz bu mərhələdə Avropa tərəfdaşlarının rolu həlledici olacaq. Beynəlxalq sərgilər, beynəlxalq səfərlər və HHLA, "Rhenus Logistics", "DB Cargo", MSC və "Rail Cargo Group" kimi aparıcı şirkətlərlə aparılan mütəmadi işgüzar dialoq Orta dəhlizə olan real və artan marağı açıq şəkildə göstərir. 2026-cı il bu marağı Şərq istiqamətli real həcmlərə çevirməyin ilidir. Əsasən, biristiqamətli dəhlizi ikiistiqamətli tələbat modelinə gətirmək zamanıdır", - deyə E.Məmmədov açıqlamışdır.

Qeyd edək ki, 2027-ci ilə qədər Orta dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı proqnozlaşdırılır. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə imkan yaradacaq. Amma bu da son rəqəm deyil. 2030-cu il üçün TBNM ilə yükdaşımaların həcmi artaraq 11,4 milyon ton səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dəmir yollarının modernləşdirilməsi layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirmişdir ki, hədəfləri Gürcüstanda dəmir yolu infrastrukturunun modernləşdirilməsidir. Hökumətin vəzifəsi isə nəticə etibarilə Orta dəhlizi regionun ən etibarlı və təhlükəsiz marşruta çevirməkdir. "Hazırda dünya geosiyasi və iqtisadi transformasiya dövrünü yaşayır. Təchizat zəncirləri dəyişir, təhlükəsiz, proqnozlaşdırıla bilən və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Bu kontekstdə Gürcüstanın rolu düşünülmüş və strateji qərarlarla gücləndirilməlidir", - deyə İ.Kobaxidze vurğulamışdır. Onun sözlərinə görə, Gürcüstan hökumətinin təşəbbüsləri, Anaklia limanı, dəmir yolu və Şərq-Qərb avtomobil infrastrukturlarının modernləşdirilməsi bu siyasətin əsas məqsədidir: "Bizim gələcəyimiz bütün nəqliyyat növlərini vahid ekosistemə birləşdirəcək intermodal tranzit funksiyasıdır. Bu kontekstdə logistika proseslərinin rəqəmsallaşdırılması da mühüm əhəmiyyət kəsb edir və hazırda aktiv şəkildə həyata keçirilir".

Baş nazirin sözlərinə görə, Orta dəhliz sadəcə alternativ marşrut deyil, həm də Avropa ilə Asiya arasında yeni əlaqə standartıdır: "Dəmir yolunun modernləşdirilməsi bu konsepsiyanın bir hissəsidir. Bu bizim rəqabət qabiliyyətimizi gücləndirir, tranzit potensialımızı artırır və Avropa ilə Asiya arasında yaxın illərdə daha da artacaq ticarət axınlarını qəbul etmək üçün möhkəm əsas yaradır. Hökumətimizin vəzifəsi nəticə etibarilə Orta dəhlizi regionun ən etibarlı, təhlükəsiz və səmərəli dəhlizinə çevirməkdir".

Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları təkcə region ölkələrinə deyil, həm də Yaponiyaya fayda gətirə bilər. Bu barədə Yaponiyanın "Nikkei" nəşrinin Avrasiyanın perspektivli nəqliyyat dəhlizlərinə həsr edilmiş analitik məqaləsində yazılıb. Məqalədə həmçinin qeyd olunur ki, regionun əsas marşrutlarından biri - Tokionun da inkişafına maraq göstərdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta dəhliz) bu ölkə üçün xüsusi əhəmiyyət kəsb edə bilər. "Yaponiya da Orta dəhlizə böyük ümidlər bəsləyir. 2025-ci ilin dekabrında ölkənin baş naziri Sanae Takaiti Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüşüb və Tokionun bu marşrutun inkişafına dəstəyini ifadə edib", - məqalədə belə yazılıb. Üstəlik də bildirilib ki, Cənubi Qafqaz regionunu Avropanı və Asiyanı birləşdirən "müasir İpək yolu" adlandırmaq olar, çünki region mühüm nəqliyyat qovşağı kimi diqqət çəkir.

Yaponiya nəşri Orta dəhlizdən əlavə, TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin perspektivliyinə də xüsusi diqqət yetirib: "Bu marşrutun inkişafı, Azərbaycan və Türkiyə ilə əhatə olunmuş və uzun müddət ciddi ticarət məhdudiyyətləri ilə üzləşmiş Ermənistana da əhəmiyyətli faydalar gətirəcək".

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr