Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən T.T.-nin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilib. Qərar Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar qəbul olunub və T.T. cinayət məsuliyyətindən azad edilib. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş hesab olunub. Eyni zamanda cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaldırılmış mülki iddia baxılmamış saxlanılıb.
Qeyd: Məhkəmə araşdırması ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Belə ki, T.T. 16 fevral 2016-cı il tarixli əmrlə Həkim Sanitar Xidməti Bakı Dəmir yol Xəstəxanası MMC-də baş həkimin müavini, 14 aprel 2017-ci il tarixli əmrlə isə xəstəxananın stasionar şöbəsinin müdiri vəzifəsinə təyin edilib və 30 dekabr 2024-cü il tarixədək həmin vəzifələrdə çalışıb. O, eyni zamanda uzun müddət xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsini icra edib.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs tutduğu vəzifələr üzrə ona həvalə edilmiş təşkilati-sərəncamverici funksiyalardan istifadə edərək 2017-ci ilin fevral ayında əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi məqsədilə ona müraciət etmiş şəxsin faktiki olaraq hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda, həmin şəxs barəsində saxta tibbi sənədlərin tərtib edilməsinə şərait yaradıb. O, xəstəxanada real müayinə və müalicə aparılmadan, obyektiv və instrumental müayinələr keçirilmədən, habelə müvafiq tələblər pozulmaqla, əlillik dərəcəsinin təyin edilməsinə əsas verən təhrif olunmuş diaqnozların rəsmi elektron informasiya sisteminə daxil edilməsini təmin edib.
Beləliklə, T.T. 27 fevral 2017-ci il tarixdə bilə-bilə yalan məlumatlar daxil etməklə elektron göndəriş tərtib edib, habelə Həkim Məsləhət Komissiyasının digər üzvlərinin xəbəri olmadan onların elektron imzalarından istifadə edərək həmin göndərişi aidiyyəti Tibbi Sosial Ekspert Komissiyasına göndərib. Nəticədə müraciət edən şəxslərə 28 fevral 2017-ci il tarixdən etibarən 5 il müddətinə II qrup əlillik dərəcəsi təyin olunub və 2020-ci il tarixədək ümumilikdə 73 285 manat məbləğində sosial müavinət ödənilib.
Qeyd olunan qanunsuz hərəkətlər nəticəsində dövlətin sosial təminat sahəsində həyata keçirdiyi siyasətə, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində uzun illər səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışdığını, eyni zamanda əvvəllər analoji pozuntulara yol verdiyinə görə məhkum edildiyini deyib.
Məhkəmədə zərərçəkmiş qismində tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi isə ifadəsində təqsirləndirilən şəxsin əməlləri nəticəsində fonda ümumilikdə 73 285 manat maddi ziyanın dəydiyini bildirib. Qeyd olunub ki, həmin məbləğ üzrə indiyədək hər hansı geri ödəniş həyata keçirilməyib və vurulmuş zərərin tam məbləğdə fondun hesabına tutulması xahiş olunub.
Kamal Məmmədov