AZ

Azərbaycanın iqlimi də işıqdır

"Xızı-Abşeron" KES-in açılışını edən Prezident İlham Əliyev yaxın zamanda bu cür "yaşıl" stansiyaların ölkənin digər regionlarında da istifadəyə veriləcəyini açıqladı

Azərbaycanın "yaşıl enerji" gündəliyi artıq bütün dünyaya bəllidir. Hələ 2020-ci ildə ölkəmiz növbəti 10 ildə, yəni 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin (BOEM) payını 30 faizə çatdırmağı hədəfləyib. Gələn il BOEM-in payının artıq 25 faizə çatdırılacağı nəzərdə tutulur. Azərbaycan bu məqsədlərə doğru inamla irəliləyir.

Ölkəmizdə "yaşıl enerji" mənbələrinin texniki potensialı böyükdür - quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir. 

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən, qeyd edək ki, keçən ilin avqust ayında Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdı. 

İndi bu ərazilərdə daha böyük bərpaolunan enerji layihələri icra olunmaqdadır. Bakıda COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda BP şirkəti ilə birlikdə tikiləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının (GES) təməli qoyuldu və hazırda layihə qrafikə uyğun irəliləyir.

Ümumiyyətlə, "yaşıl enerji" layihələri artıq digər şəhər və bölgələrimizə də "addımlayır". Bu istiqamətdə ən böyük uğurlarımızdan biri 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilməsi oldu. Yeri gəlmişkən, onu da deyək ki, "Masdar" bərpaolunan enerji sahəsində ən yaxın tərəfdaşlarımızdandır. Bu şirkətlə sıx əməkdaşlıq əlaqələri yaranıb və bir sıra layihələr gerçəkləşməkdədir. Məsələn, 2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və "Abşeron-Qaradağ" Külək-Elektrik Stansiyasının (KES) təməlini qoymuşlar. İndi bu layihələr öz icrasının müxtəlif mərhələlərindədir.

Bir sözlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Prezident İlham Əliyevin cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bərpaolunan enerjiyə aid bu və digər məsələlərdən geniş bəhs olunub. Dövlətimizin başçısı deyib: "Günəş və külək-elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər. Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır. Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir. Əminəm ki, biz bunu edəcəyik. Çünki artıq kontraktlar imzalanıb, anlaşma memorandumları yox, kontraktlar, bu, artıq hüquqi öhdəlikdir". 

Bəs bunlar ölkəmizə nə verəcək? Prezidentimiz bildirib ki, əlbəttə, enerji üçün istehlak edilən qaza qənaət və mövcud qazın ixracı üçün imkanlar yaranacaq. Bunun üçün də Azərbaycandan kənarda mövcud olan qaz infrastrukturumuzu genişləndiririk. Bu, imkan verəcək ki, təmiz enerjini ixrac edə bilək.

"Bildiyiniz kimi, Qara dəniz kabel layihəsi var. Onun texniki-iqtisadi əsaslandırması hazır olsa da, maliyyə mənbələri hələlik aydın deyil. Bizim mövqeyimiz belədir ki, biz enerjini burada istehsal edirik, yeni ötürücü xətləri Gürcüstan sərhədinə qədər çatdırırıq. Çünki yeni xətlər lazımdır. Qalanı isə artıq o biri ölkələrin maliyyə öhdəliyi olmalıdır. Bunu nəzərə alaraq, qeyd etdiyim kimi, Qazaxıstan və Özbəkistan ilə Xəzər dənizinin altı ilə kabelin tikintisini də razılaşdırdıq. Burada da indi texniki-iqtisadi əsaslandırma gedir. Üçüncü mümkün olan variant, ya da hər bir variant birlikdə də mümkündür, bu, enerjini burada istehlak etməkdir. Burada da yenə də deyirəm, süni intellekt və data mərkəzləri ən çox enerji tələb edən layihələrdir. Yenə də nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır", - deyə dövlətimizin başçısı sözügedən müsahibədə jurnalistin bu mövzuya aid verdiyi sualı cavablandırıb. 

Azərbaycan isə həm elek-trik enerjisi, həm də neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, təbii qaz gübrələri ixrac edir. Prezidentin sözləri ilə desək, bizdə bütün sikl tam formalaşıb: həm daxili istehlak, həm ixrac.

Ötən hər gün ölkəmizi özünün "yaşıl enerji" hədəflərinə də yaxınlaşdırır. Dünən investoru Səudiyyə Ərəbistanının "ACWA Power", tikintisinin baş podratçısı Çinin "Power China" şirkətləri olan 240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası istismara verildi. Stansiyanın açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycan energetiklərinin əməyini qiymətləndirdiyini bildirib: "Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş-elektrik stansiyasının tikintisinə də başlanılmışdır".

 Növbəti "yaşıl enerji" stansiyalarımız Naxçıvanda, Biləsuvarda, Neftçalada, işğaldan azad edilmiş ərazilərdə və digər bölgələrdə açılacaq. 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr