Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Ömər Bayramzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ömər Bayramzadə 23 oktyabr 2024-cü il tarixdə saat 07:10 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində, avtobus dayanacağında sərnişinləri daşımaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olduğu “Renault Megan” markalı minik avtomobilinə sərnişinləri mindirərkən mübahisə yaranıb.
Belə ki, həmin vaxt Goranboy–Xanqərvənd marşrutu üzrə hərəkət edən “Mercedes Benz 208 D” markalı mikroavtobusun sürücüsü olan zərərçəkmiş Maqsud Habilov (adı, soyadı şərtidir) sərnişinlərin daimi olaraq onun tərəfindən daşındığını bildirərək, təqsirləndirilən şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasına etiraz edib və baş verənləri özünə məxsus “Samsung A3” markalı mobil telefonla videoçəkilişə alıb.
Bundan əsəbiləşən Ömər heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşaraq xuliqanlıq niyyəti ilə yumruq zərbəsi endirib. Nəticədə Maqsuda burunun küt travması, qançır, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə müşayiət olunan xəsarətlər yetirilib ki, bu da sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər kimi qiymətləndirilib.
Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirib və zərərçəkmiş şəxsi uca səslə nalayiq ifadələrlə təhqir edib, üzərində olan 90 manat dəyərində gödəkcəsini cıraraq yararsız hala salıb, habelə Maqsuda məxsus “Samsung A3” markalı mobil telefonun ekranını sındırmaqla 110 manat məbləğində maddi ziyan vurub.
Həmçinin Ömər hadisə yerində toplaşmış insanların rahatlığını və dincliyini pozaraq ictimai asayişə qarşı yönəlmiş qərəzli xuliqanlıq hərəkətləri törədib.
Kamal Məmmədov