AZ

Ermənistan-Rusiya "qarşıdurma"sı və iqtisadi reallıqlar

İki ölkə arasında ticarət dövriyyəsinin dəyərinin 12 milyard dollara qədər artması birbaşa reeksportun nəticəsidir

2018-ci ildən etibarən, yəni Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi rəhbərliyə gəlməsi ilə paralel olaraq Moskva-İrəvan arasında bağların zəifləməsi fonu yarandı. 44 günlük Vətən müharibəsindən sonra tərəflərin hətta açıq qarşıdurma müstəvisinə keçməsi görüntüləndi. Hər iki tərəfin rəsmi çıxışlarda, kütləvi informasiya vasitələrində bir-birini hədəf alan tənqidlərinə, ittihamlarına rast gəlməyə başladıq. 

Lakin hadisələrin daxilinə dərindən nüfuz etdikcə, Rusiya-Ermənistan gərginliyinin əslində ustalıqla hazırlanmış siyasi tamaşa olduğu ortaya çıxdı. Bəlli oldu ki, bu ssenarinin əsas hədəfi beynəlxalq ictimaiyyəti iki yaxın müttəfiq arasında uçurumların yarandığına inandırmaqdır. Halbuki siyasi səviyyədəki "soyuq müharibə" görüntüsünə rəğmən, iki ölkə arasında iqtisadi göstəricilər tamamilə fərqli mənzərəni göstərirdi. Son 5 ildə iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edərək təxminən 6 qat böyümüşdü.

Maraqlıdır ki, Qərb dairələri İrəvanın qanunsuz fəaliyyətinə səssiz qalmaqla yanaşı, həm də onu hərbi və maliyyə baxımından gücləndirməyə davam edirlər. Qlobal arenada kəskin qarşıdurma yaşayan Rusiya və Qərb, Ermənistan məsələsində qəribə bir şəkildə eyni mövqedən çıxış edirlər. Avropa İrəvanın sözdə "avropayönlü" bəyanatlarını Ermənistana dəstək üçün bəhanə edir, halbuki Ermənistan hələ də KTMT və Aİİ kimi qurumların üzvüdür. Ara-sıra rəsmi şəxslər vasitəsilə ictimaiyyətə ötürülən qarşılıqlı ittihamlar, əslində, münasibətlərin pisləşməsi barədə yanlış təsəvvür yaratmağa xidmət edir. Reallıqda Ermənistan torpaqlarında Rusiya hərbi bazaları və sərhəd qoşunları hələ də mövcudluğunu qoruyur. Avropa dövlətləri isə öz iqtisadi maraqlarını və regiondakı strateji mənafelərini qorumaq naminə Ermənistandan hələ də faydalanırlar. 

Rusiya-Ermənistan arasındakı münasibətlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı diqqət çəkib. Dövlət başçısı Ermənistan-Rusiya ticarət əlaqələrinin genişlənməsinə və bu əlaqələrin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün istifadə olunması məsələsinə toxunub: "Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir. Onların dediyi kimi, paralel idxal və ya "boz zona" idxalıdır".

Dövlət başçısının təqdim etdiyi statistik məlumatlar kifayət qədər aydın və təkzibedilməzdir. İki ölkə arasında dövriyyənin bu dərəcədə yüksəlməsi sırf ticarətin təbii inkişafı ilə izah oluna bilməz. Bu qədər kəskin artım yalnız məqsədli və sistemli mexanizmlər vasitəsilə mümkündür. Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk da 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 12,4 milyard dollar olduğunu etiraf edib. Rusiya rəsmiləri Ermənistanla ticarət dövriyyəsinin 14-16 milyard dollara çatacağını deyiblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan üçün əsas ticarət tərəfdaşı olaraq qaldığını deyib. Yəni Rusiya birbaşa idxal edə bilmədiyi məhsulları Ermənistan vasitəsilə alır, bu isə beynəlxalq sanksiyaların mahiyyətcə pozulması deməkdir. Prezident haqlı olaraq bunu "sanksiyalardan yayınma mexanizmi" kimi səciyyələndirir və beynəlxalq diqqətin yetirilməməsinə təəccübünü ifadə edir: "Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi. Nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbul ediləndir". Bu yanaşma Qərbin Ermənistana münasibətdə ikili standartlardan istifadə etdiyini, regiondakı mövqeyinin qeyri-obyektiv olduğunu, geosiyasi maraqlara əsaslandığını nümayiş etdirir.  Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafının tamamilə şəffaf, qanuni və real iqtisadi fəaliyyətə əsaslandığını vurğulayır. Dövlət başçısı qeyd edir ki, Azərbaycan heç bir sanksiya rejimini pozmur, iqtisadi göstəriciləri isə sabit və davamlı artım nümayiş etdirir. Bu, ölkəmizin beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş olduğunu bir daha sübut edir: "Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil. Biz bunu etmirik. O, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki,  Prezident İlham Əliyev bu məsələyə birbaşa aydınlıq gətirib. Komitə sədrinin sözlərinə görə, dövlət başçısı birmənalı vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi başlayanadək Ermənistan və Rusiya arasında iqtisadi ticarət dövriyyəsi 2 milyard dollardan çox deyildi, ancaq müharibədən sonra birdən-birə 12 milyard dollar səviyyəsinə yüksəlib: "Ötən müddət ərzində Rusiya-Ermənistan arasında yaradılmış "gərginlik" görüntüsü məhz ona xidmət edirdi ki, Ermənistan vasitəsilə sanksiya altında olan məhsullar Rusiyaya çatdırılsın. Rusiyaya ixracı qadağan edilən mallar birbaşa Ermənistan üzərindən çatdırılırdı. Əks təqdirdə ticarət dövriyyəsinin qısa müddətdə 2 milyard dollardan 12 milyard dollara qədər artmasının səbəbini başqa cür izah etmək qeyri-mümkündür. Bəzi opponentlər bunu qəbul etmirlər və deyirlər ki, müharibədən sonra Rusiyadan Ermənistana qaçanlar çox olub və s. Bu, tamamilə boş söhbətdir. Rusiyadan Ermənistana nə qədər insan axın etsə də, ticarət dövriyyəsini 12 milyard dollara yüksəldə bilməz. Belə bir rəqəmin ortaya çıxması üçün böyük ticari əlaqələr labüddür. Bunu gizlətmək üçün Ermənistanın guya Rusiya ilə konfrantasiya halında olduğu, tərəflər arasında qarşıdurma yaşandığı, İrəvanın Qərbin tətbiq etdiyi sanksiyalara qoşulduğu görüntüsü yaradılmalı idi".

Səməd Seyidov diqqətə çatdırıb ki, Ermənistan Avropa strukturları ilə əlbir olaraq Rusiyaya qadağan olunmuş məhsullar satıb. Ona görə də Qərb strukturları, Avropa təsisatları bununla bağlı heç  bir bəyanat verməyiblər: "Cənab Prezident bu məqamı da dilə gətirdi. Amma bunu sadəcə biz görmürük ki? Bütün dünyanın gözü qarşısında bu addımlar atılırdı. Azərbaycan və Rusiyanın ticarət dövriyyəsi Rusiya ilə Ukrayna arasındakı müharibəyədək 4 milyard dollardan yuxarı idi. Müharibə dövründə bir neçə yüz milyon dollar civarında artım var. Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsindəki artım normal məntiqə əsaslanır. Ancaq 2 milyard dollardan 12 milyard dollara qədər yüksəliş birbaşa reeksportun nəticəsidir. Həmçinin Ermənistanın Avropa strukturları ilə birgə fəaliyyətinin göstəricisidir. Avropa özü qadağan etdiyi malların qeyri-qanuni satışını təşkil etmək, əlavə gəlir götürmək üçün Ermənistandan istifadə edir. Nəticədə yenə də beynəlxalq aləmin ikiüzlülüyü, gözdən pərdə asmaq siyasəti, sözdə bir cür, əməldə isə tamam başqa cür addımların şahidi oluruq". 

Səməd Seyidov vurğulayıb ki, cənab Prezident müsahibəsində bir daha bəyan edib ki, beynəlxalq qanunlar artıq işləmir. Məhz Ermənistan-Rusiya arasında ticarət dövriyyəsinin artması, yəni sanskiyalar altındakı məhsulların Rusiyaya satılmasının özü də beynəlxalq qanunların işlək olmamasının, qeyri-səmimiyyətin bariz göstəricisidir: "Ermənistanın beynəlxalq qanunlara zidd addımlarını görməmək, Azərbaycanda nəyisə qabarıq şəkildə dünyaya təqdim etmək ikiüzlülüyün təzahürüdür. Çox təəssüflər olsun ki, bugünkü dünyada beynəlxalq qurumların qəbul etdikləri nizam-intizama və davranış prinsiplərinə tamamilə zidd addımlar atılmaqdadır. Dünya artıq fərqlidir və hazırda beynəlxalq qanunlar əvəzinə cənab Prezidentin dediyi kimi, qarşılıqlı əlaqələrə, müttəfiqliyə və iqtisadi gücə əsaslanan siyasət həyata keçirilir". 

İsmayıl QOCAYEV,

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr