2025-ci il ölkəmizin xarici siyasətində yüksək uğurlarla yadda qaldı
Azərbaycan Vətən müharibəsindəki Zəfərini beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün ötən müddətdə bu istiqamətdə mühüm işlər həyata keçirib. Prezident İlham Əliyevin siyasi məharətli və uzaqgörən diplomatiyası sayəsində dövlətimiz qarşısına qoyduğu bu prioritetə qətiyyətlə nail olub və bu gün dünya Azərbaycanın tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan Zəfərini qəbul edir.
Ötən il 8 avqust tarixli Vaşinqton Sammitində dünyanın supergüc ölkəsi ABŞ-nin rəhbəri Donald Trampın iştirakı ilə sülh sazişi mətninin paraflanması, bölgədə kommunikasiyaların açılması və digər mühüm məsələlərlə bağlı vacib razılaşmaların əldə edilməsi həm də elə Azərbaycanın haqlı zəfərinin beynəlxalq müstəvidə təsdiqi anlamına gəldi.
Dövlətimiz bu tarixi uğuru ilə qlobal arenada söz sahibi olduğunu, müxtəlif güc dairələrinin qərəzli mövqelərinə rəğmən haqlı mövqeyini qətiyyətlə müdafiə edərək qalib gəldiyini və dünya üçün "haqlı və güclü" olmağın unikal Azərbaycan modelini ortaya qoyub.
Uğurlu diplomatiyanın təzahürü
Ötən ilin 25 sentyabrında Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasına Prezident İlham Əliyevin Qarabağ məsələsini məhz öz qətiyyəti və uzaqgörən siyasəti sayəsində nizama salan və elə BMT TŞ-nin onilliklərdir kağız üzərində qalan qətnamələrini yerinə yetirən qalib lider kimi yollanması da dünya praktikasında rast gəlinməmiş müstəsna hal idi.
Qısa zaman ərzində Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı qələbələr barədə danışan Azərbaycan lideri həmin tarixdə BMT kürsüsündən üzünü beynəlxalq aləmə tutub dedi: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevə göstərilən böyük ehtiram, nüfuzlu tədbir çərçivəsində qarşı tərəflərin istəyi ilə Azərbaycan rəhbəri ilə keçirilən yüksəksəviyyəli görüşlər isə ölkəmizin beynəlxalq nüfuzunun təzahürü idi.
Ümumiyyətlə, hər il olduğu kimi, ötən il də Prezident İlham Əliyevin müxtəlif nüfuzlu platformalardan ölkəmizin həqiqətlərini dünyaya çatdırması, istər Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası, istər Azərbaycanın evsahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü zamanı etdiyi çıxışlar, istərsə də Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısındakı mühüm görüşləri zamanı verdiyi mesajlar ölkəmizin xarici siyasətindəki uğurlar silsiləsinə aiddir. Regionda dayanıqlı sülh mühitinin formalaşdırılmasında şəxsi rolu olan Prezident İlham Əliyevin ötən il ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi də təsadüfi xarakter daşımırdı.
Bütün bu sadalananlar ölkəmizin beynəlxalq mövqeyinin xeyli möhkəmlənməsinin və Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir. ABŞ, Çin kimi dünyanın siyasi, iqtisadi güc mərkəzlərinin, eləcə də aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olmaları dövlətimizin yürütdüyü çoxşaxəli xarici siyasətin bəhrəsidir. Bu mənada ötən il də Azərbaycanın xarici siyasətində qazanılan bol uğurlarla yadda qaldı.
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər: "Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir".
Ölkəmizin rəhbərinin sözlərinə görə, demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur: "Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir".
Qədim İpək yolunun birləşdirdiyi və tarixi dostluq münasibətlərinə malik Azərbaycan-Çin əlaqələri də gündən-günə inkişaf edir. Ölkəmizlə hərtərəfli əlaqələr qurmağa Pekin də böyük maraq göstərir və bunu ötən il dekabrın 19-da ad günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Çin Xalq Respublikasının Sədri Si Cinpin də vurğulayıb: "Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır".
Yuxarıda sözügedən müsahibəsində xarici siyasət sahəsində ötən il baş verən uğurlu hadisə və prosesləri xarakterizə edən Prezident İlham Əliyev də hesab etdiyini söylədi ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri Azərbaycanın Çinlə olan strateji tərəfdaşlığıdır: "Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər".
Müstəqil siyasətin nəticəsi
Respublikamızın müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi də Azərbaycanın getdikcə artan qlobal nüfuzunun göstəricisidir.
Azərbaycan ötən il D-8 beynəlxalq təşkilatına üzv oldu. 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilata ötən illər ərzində əlavə üzv qəbul edilməmişdi və birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. Respublikamızın sözügedən təşkilata üzv qəbul edilməsi ölkəmizə göstərilən hörmət və etimadın nəticəsidir.
"Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik",- deyə müsahibəsində Prezident İlham Əliyev məlumat verdi.
Azərbaycan ötən il Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının da tamhüquqlu üzvü seçildi. Bu mühüm hadisə ilə bağlı yanvarın 5-də verdiyi müsahibəsində Prezident İlham Əliyev söylədi ki, bu da nadir hadisə sayıla bilər: "Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik...
...Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir".
Dövlətimizin rəhbəri İlham Əliyevin mütəmadi xarici səfərləri, bir çox xarici dövlət, hökumət başçılarının Azərbaycana gəlmələri, eyni zamanda ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi fonunda da ölkəmizin qlobal siyasi xəritədə tutduğu əhəmiyyətli yer aydın görünür.
Gətirdiyimiz bəzi nümunələr də təsdiq edir ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın xarici siyasət kursu çoxşaxəliliyi, düzgün müəyyənləşdirilmiş və gələcəyə hesablanmış strategiyası ilə xüsusi seçilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"