AZ

Tramp məşhur azərbaycanlını ələ alır Putinə ağır zərbə

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ-ın “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu “Lukoil”in beynəlxalq aktivlərinin bölünməsi üçün müqavilə bağlamağı planlaşdırır. Belə ki, şirkətlər uzunmüddətli perspektivdə 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. Bu yanaşmanın ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılandığı qeyd olunur.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil” şirkətini sanksiya siyahılarına əlavə edib. Daha sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Bunu Trampın azərbaycanlı milyarder Vahid Ələkbərov üzərindən Rusiya Prezidenti Vladimir Putini “vurmaq” planı kimi dəyərləndirənlər də var.

“Lukoil”in aktivlərinin ABŞ-ın əlinə keçməsi Rusiyaya siyasi anlamda nə vəd edir? Rusiyada olan digər azərbaycanlı oliqarxlar da Vahid Ələkbərovun aqibətini yaşaya bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, “Lukoil” aktivlərinin ABŞ-ın nəzarətinə keçməsi həm strateji, həm psixoloji, həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, uzunmüddətli perspektivdə 22 milyard dollarlıq aktivlər ABŞ üçün iqtisadi baxımdan həlledici deyil:

“Lakin bu addım Rusiya üzərində ciddi psixoloji və siyasi üstünlük qazandırıb. Mövcud prosesdə şirkət sahibinin azərbaycanlı və ya başqa millətə mənsub olması prinsipial əhəmiyyət daşımır. Əsas məsələ Rusiyada fəaliyyət göstərən və Rusiya dövlət büdcəsinə vergi ödəyən şirkətlərə məhdudiyyətlərin və sanksiyaların tətbiq olunmasıdır. Məlum olduğu kimi, “Lukoil” də son sanksiyalar paketində məhdud sanksiyalara məruz qalan şirkətlər sırasında yer alıb. Burada məqsəd Rusiyanın vergi ödəyicisi olan, yəni Rusiya dövlətinə mənfəət və fayda gətirən şirkətlərin fəaliyyətinin məhdudlaşdırılması idi. Məsələyə daha geniş prizmadan yanaşsaq, ABŞ-ın Venesuelaya yönəlməsi ölkənin kənd təsərrüfatı potensialı, iqlimi, Karib hövzəsində yerləşməsi və ya ABŞ-a coğrafi yaxınlığı ilə izah olunmur. Doğrudur, Venesuela əlverişli logistika imkanlarına və təbii resurslara malikdir, amma əsas diqqətçəkən məqam bu deyil. Əsas faktor ondan ibarətdir ki, dünyanın sübut olunmuş neft ehtiyatlarının təxminən 17-18 faizi Venesuelada yerləşir. Neftin keyfiyyəti nisbətən aşağı olsa da, ehtiyatların həcminə görə Venesuela dünyada birinci, Səudiyyə Ərəbistanı isə ikinci yerdə qərarlaşır ki, o da artıq ABŞ-ın nəzarətində olan ölkələr sırasındadır”.

Vahid Ələkbərov

A.İbrahimovun fikrincə, ABŞ-ın Venesuelaya daxil olmaqla əsas hədəfi bu ölkəni nəzarətə götürməklə dünya neft ehtiyatlarının təxminən 70 faizinə təsir imkanını əldə etməkdir:

“Məsələn, hazırda Venesuelada gündəlik neft hasilatı təxminən 900-1000 barel təşkil edirdi. Lakin müəyyən sanksiyalardan sonra bu göstərici 400-500 min barel səviyyəsinə qədər enmişdi. Amma müasir layihələr həyata keçirilərsə və yeni texnologiyalar tətbiq olunarsa, Venesuelanın gündəlik 3-4 milyon bareldən artıq neft hasil etmək potensialı mövcuddur. Bu həcmdə neftin dünya bazarına çıxarılması neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər. Qiymətlərin 45-50 dollar səviyyəsinə qədər enməsi isə əsasən böyük ehtiyatlara malik ölkələr, xüsusilə Rusiya və İran üçün ciddi iqtisadi risklər yaradır”.

İqtisadçı nümunə olaraq qeyd edib ki, 2018-ci ildə tətbiq olunan sanksiyalardan sonra İran neft satışından təxminən 253 milyard dollar gəlir əldə edib:

“Həmin neftin əsas alıcıları Çin və Hindistan olub. Neft qiymətlərinin aşağı düşməsi bu ölkələrə daxil olan valyuta axınının azalmasına, nəticə etibarilə isə ciddi maliyyə və iqtisadi çətinliklərin yaranmasına gətirib çıxaracaq. Beləliklə, ABŞ-ın Venesuelaya yönəlməsi yalnız regional deyil, qlobal enerji bazarına nəzarət strategiyasının bir hissəsidir. Bu strategiyanın əsas məqsədi dünyanın neft ehtiyatlarının böyük hissəsinə təsir etməklə İran və Rusiyanın iqtisadi “qan damarlarını” zəiflətməkdir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
globalinfo.az

1Mənbələr