Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan ənənəvi enerji resurslarının həm hasilatçısı, həm də ixracatçısıdır. Yəni, ölkəmiz dünyada neft və qaz ölkəsi kimi tanınır. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə müvafiq infrastrukturun qurulması istiqamətində çox iri addımlar atan, böyük investisiyalar cəlb edən nadir neft-qaz ölkələrindəndir və bu iş hazırda sürətlə davam etdirilir. Məsələn, 2024-cü ildə Bakıda COP29 tədbiri keçirildi. Azərbaycan tədbirə ev sahibliyi etməklə bütün dünyaya sübut etdi ki, yaşıl enerjiyə keçid sahəsində böyük qətiyyət göstərməyə, hər cür vasitələrdən yararlanmağa və investisiyaları cəlb etməyə hazırdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin investisiya şirkətləri ilə bağlanan müqavilələr nəticəsində Azərbaycanda bərpaolunan enerji infrastrukturu sahəsində möhtəşəm nəticələr əldə olunduğunu qeyd edən ekspert, eyni zamanda, ölkəmizin digər dövlətlərlə də ikitərəfli əlaqələrdə maraqlı olduğunu və bunu geniş şəkildə nümayiş etdirdiyini bildirib.
"Prezidentin yerli telekanallara müsahibəsindən qeyd etdiyi kimi, bu sahədə Çin ilə də əməkdaşlığın bünövrəsi qoyulub və Çin şirkətləri müvafiq infrastrukturun yaradılmasına başlayıb. Məlumdur ki, Çin bu sahədə dünyada ən böyük nailiyyətlər əldə etmiş ölkələrdən biridir", - deyə o, əlavə edib.
İqtisadçı bildirib ki, yaşıl enerji sahəsində müvafiq istehsal sahələrinin yaradılması da mühüm prioritetdir. "Məsələn, Prezident müsahibəsində Azərbaycanda Günəş panelləri istehsal edəcək zavodun tikiləcəyini bildirdi. Bu, çox mühüm layihədir, çünki Günəş panelləri və külək turbinləri kifayət qədər bahalı texnologiyalardır. Bu avadanlıqların xaricdən gətirilməsi əvəzinə ölkə daxilində istehsal olunması bizə həm vəsaitə qənaət etmək, həm də gələcəkdə həmin texnologiyaların ixracatçısına çevrilmək imkanı verəcək", - deyə P.Heydərov diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, Azərbaycanın qısa müddətdə bu istiqamətdə atdığı addımlar dünya miqyasında çox yüksək qiymətləndirilir. Əsas məqsədlərdən biri daxili istehlakda ənənəvi enerji resurslarından istifadəni maksimum dərəcədə məhdudlaşdırmaq və qənaət olunan qazı ixrac etməkdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 12-dən çox ölkəyə qaz ixrac edirik və tələbat getdikcə artır. Yaşıl enerji keçidinin əsas məqsədlərindən biri də elə budur - daxili tələbatı alternativ mənbələrlə ödəmək və daha çox mavi yanacağı xarici bazarlara yönəltmək.
"2030-cu ilə qədər hədəfimiz elektrik enerjisi tələbatının 30 faizini bərpaolunan mənbələr hesabına ödəmək, ölkə daxilində istehlakın 1/3 hissəsinin yaşıl enerji ilə təminatına nail olmaqdır", - deyə, iqtisadçı bildirib.