Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranda kütləvi etiraz aksiyaları misli görünməmiş miqyas alıb. Paytaxt Tehran başda olmaqla ölkənin onlarla şəhərində minlərlə insan hökumət əleyhinə etirazlarla küçələrə çıxıb. Etirazların zorakılıq mərhələsinə keçməsi nəticəsində onlarla insanın həlak olduğu, minlərlə şəxsin saxlanıldığı bildirilir.
Paytaxtda atəş səsləri, internet kəsilib
Məlumatlara görə, Tehranın müxtəlif rayonlarında kütləvi atışma səsləri eşidilir. Sosial şəbəkələrdə və regional hərbi kanallarda yayılan xəbərlərə əsasən, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün silahdan istifadə edib. Eyni zamanda, bu gün Tehranda və ölkənin bir sıra digər bölgələrində bir neçə mobil operator üzrə internet bağlantısı tam və ya qismən dayandırılıb.
“Üç şəhər etirazçıların nəzarətindədir” iddiası
Bəzi xarici və regional KİV-lər etirazçıların artıq üç şəhərə faktiki nəzarət etdiyi barədə məlumat yayıb. Son olaraq Kərəc şəhərinin də bu siyahıya daxil edildiyi bildirilir. Məlumatlara görə, etirazçılar yolları bağlayır, polis məntəqələrini yandırır, təhlükəsizlik qüvvələri isə buna cavab olaraq birbaşa atəş açır.
Rəsmi Tehran bu məlumatları qəti şəkildə təkzib edir və heç bir şəhərin nəzarətdən çıxmadığını bildirir.
https://konkret.az/cloud/uploads/2026/01/4.mp4
Etirazlar ölkə üzrə yayılıb
Mövcud məlumatlara əsasən, etirazlar artıq 27 vilayətdə 92 şəhəri əhatə edir. Son günlər ərzində ölkə üzrə 285 müxtəlif nöqtədə aksiyalar və toqquşmalar qeydə alınıb. Bu, İranda son illərin ən genişmiqyaslı daxili etiraz dalğası kimi qiymətləndirilir.
Ölənlər və saxlanılanlar
İlkin məlumatlara görə, ölkə üzrə 2000-dən çox şəxs saxlanılıb. Həlak olanların sayı təxminən 45 nəfər olaraq göstərilir. Ölənlər arasında 4 azyaşlı və 2 polis əməkdaşının olduğu bildirilir. Rəqəmlər rəsmi mənbələr tərəfindən tam təsdiqlənməsə də, insan haqları təşkilatları itkilərin daha çox ola biləcəyini istisna etmir.
Etirazların səbəbi: iqtisadi böhran
Etirazlar dekabrın son günlərində başlayıb. Onlara əsas səbəb milli valyuta – rialın kəskin ucuzlaşması, bunun fonunda isə ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərinin sürətlə artması göstərilir. Yanvarın əvvəllərindən etibarən dinc aksiyalar kütləvi iğtişaşlara və vandalizm aktlarına çevrilib.
ABŞ-dan sərt xəbərdarlıq
Proseslər fonunda ABŞ-dan da sərt bəyanatlar səslənib. Amerikalı senator Lindsi Qrem (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına daxil edilib) Donald Tramp adından İran hakimiyyətinə açıq hədələrlə çıxış edib:
“Əgər siz daha yaxşı həyat tələb edən öz vətəndaşlarınızı öldürməyə davam etsəniz, Tramp sizi məhv edəcək. Yardım artıq yoldadır”, – deyə senator bildirib.
Gərginlik artır, qeyri-müəyyənlik qalır
Hazırda İranda vəziyyət son dərəcə gərgin olaraq qalır. Təhlükəsizlik qüvvələrinin sərt tədbirləri, informasiya blokadası və rəsmi açıqlamaların məhdudluğu hadisələrin real miqyasını qiymətləndirməyi çətinləşdirir. Analitiklər hesab edirlər ki, proseslər nəzarətdən çıxarsa, bu, təkcə İran üçün deyil, bütün region üçün ciddi təhlükəsizlik riskləri yarada bilər.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.