İranın paytaxtı Tehranda kütləvi etiraz aksiyaları səngimək bilmir.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə və hərbi mövzulu informasiya platformalarında yayılan məlumatlara görə, şəhərin müxtəlif bölgələrində atəş səsləri eşidilir.
Məlumatlarda bildirilir ki, etirazlar əsasən mərkəzi küçələrdə və inzibati binaların yerləşdiyi ərazilərdə cəmləşib. Paylaşılan videolarda təhlükəsizlik qüvvələrinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyi, bəzi yerlərdə isə toqquşmaların yaşandığı iddia olunur.
Hərbi və regional mövzular üzrə ixtisaslaşmış “Telegram” kanalları və digər mənbələr bildirir ki, təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün sərt tədbirlərə əl atır. Atəş səslərinin xəbərdarlıq məqsədli, yoxsa birbaşa qarşıdurma nəticəsində açıldığı hələlik dəqiqləşdirilməyib.
Rəsmi Tehran hadisələrlə bağlı ətraflı açıqlama verməyib. Dövlətə yaxın KİV-lər isə vəziyyətin nəzarət altında olduğunu bildirir və yayılan bəzi məlumatların “şişirdilmiş” olduğunu iddia edir.