AZ

Cənubi Azərbaycanda ümumxalq etirazlarına hazırlıq elan edildi

Bir sıra şəhərlərdə aksiyalar keçirilib, şənbə günü ölkə üzrə kütləvi və ümumi vətəndaş etirazının baş tutacağı bildirilir...

Poliqon xəbər verir ki, bu gün Cənubi Azərbaycanın bir sıra şəhərlərində etiraz aksiyaları və tətil çağırışları baş tutub. Etirazların davamı olaraq şənbə günü saat 16:30-da Cənubi Azərbaycan üzrə ümumxalq və ümumvətəndaş etiraz günü elan edilib. Təşkilatçıların bildirdiyinə görə, aksiyalar bütün bölgələri əhatə edəcək və geniş ictimai iştirakı nəzərdə tutur.

Məlumata əsasən, etirazlara səbəb kimi əhalinin sosial-iqtisadi vəziyyətinin kəskin pisləşməsi göstərilir. Aksiya iştirakçıları yoxsulluq və işsizlik səviyyəsinin artmasını, qiymətlərin davamlı bahalaşmasını, korrupsiyanın dərinləşməsini, səmərəsiz idarəetməni, hakimiyyət strukturlarında qeyri-peşəkarlığı və ümumilikdə yaşayış şəraitinin ağırlaşmasını əsas narazılıq məqamları kimi önə çəkirlər. Qeyd olunur ki, yaranmış vəziyyətə görə məsuliyyət birbaşa İran hakimiyyətinin üzərinə düşür.

Etirazların təşkilatçıları aksiyaların sırf vətəndaş xarakteri daşıdığını və zorakılıqdan uzaq olduğunu xüsusi vurğulayırlar. Bildirilir ki, dinc vətəndaş etirazı cəmiyyətin təbii və qanuni hüququdur və bu proses çərçivəsində hər hansı qarşıdurma və ya dağıdıcı fəaliyyət nəzərdə tutulmur.

Açıqlamalarda həmçinin qeyd olunur ki, Cənubi Azərbaycanda yaşayan türk əhalisi yüksək siyasi mədəniyyətə malikdir və dinc etirazla təxribat, eləcə də sabitliyi pozmağa yönəlmiş cəhdlər arasındakı fərqi aydın şəkildə anlayır. Bu baxımdan, rejimə yaxın qüvvələrin etirazlardan destruktiv məqsədlərlə istifadə etməsinin mümkün olmayacağı bildirilir.

Təşkilatçılar şənbə günü planlaşdırılan aksiyanın Cənubi Azərbaycan üçün mühüm və tarixi əhəmiyyət daşıya biləcəyini vurğulayır, ictimaiyyəti birlik və dinc mübarizə prinsiplərinə sadiq qalmağa çağırırlar.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr