Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ formalaşmış və güclü dövlət olaraq qalır, lakin tədricən bəzi müttəfiqlərinə münasibətdə məsafə qoymağa başlayır.
KONKRET.az xəbər berir ki, onun sözlərinə görə, Fransa beynəlxalq aləmdə hörmətə malik dövlətdir və üzərinə götürdüyü öhdəliklərə sadiq qalır. Makron vurğulayıb ki, Fransa heç vaxt müttəfiqlərini və tərəfdaşlarını hədələmir və bütün tərəfdaşlarına qarşı qarşılıqlı hörmət prinsipi ilə yanaşır.
“Bəzən biz ən güclü, bəzən də ən böyük ölkə olmuruq. Amma harada öhdəlik götürürüksə, orada onu yerinə yetiririk”, – deyə Fransa prezidenti qeyd edib.
Makron həmçinin ABŞ-ın yaxın keçmişdə özü təşviq etdiyi beynəlxalq qaydalardan – istər ticarət, istərsə də təhlükəsizlik sahəsində – getdikcə uzaqlaşdığını bildirib. Onun fikrincə, Vaşinqtonun bu mövqeyi qlobal sistemdə balansın pozulmasına gətirib çıxarır.
Fransa lideri Çini hələ də yüksəliş mərhələsində olan böyük güc kimi xarakterizə edərək, Pekinin müxtəlif tərəfdaşlıq formatları seçmək imkanına malik olduğunu, lakin xüsusilə COVID-19 pandemiyasından sonrakı dövrdə artan ticarət aqressivliyi ilə Avropa iqtisadiyyatına ciddi zərər vurduğunu deyib.
Makron Avropa və Fransa üçün qəbuledilməz hesab etdiyi iki yanaşmanı da xüsusi vurğulayıb. Onun sözlərinə görə, güclünün hüququna kor-koranə tabe olmaq “xoşbəxt vassallıq” seçimidir, digəri isə heç nə edə bilmədiyini qəbul edib bunu mənəvi üstünlük kimi təqdim etməkdir. Prezident bildirib ki, bu yanaşmaların heç biri nə Fransanın, nə də Avropanın maraqlarına və dəyərlərinə xidmət etmir.
Natiq Səlim,
KONKRET.az