AZ

Hansı çörək sağlamlıq üçün daha faydalıdır? –Mütəxəssislər xəbərdarlıq edir

Gündəlik qida rasionunda mühüm yer tutan çörəyin seçimi insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, çörəyin növü maddələr mübadiləsinə, həzm sisteminə və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki,  son illərdə aparılan araşdırmalar yüksək dərəcədə emal olunmuş undan hazırlanan ağ çörəyin uzun müddət istifadəsi sağlamlıq üçün arzuolunan deyil.

Ağ çörək tərkibində lifin az olması səbəbindən qan şəkərini sürətlə yüksəldir və qısa müddətdə aclıq hissi yaradır. Bu isə zamanla artıq çəki, piylənmə, insulin müqaviməti və tip 2 diabet riskinin artmasına səbəb ola bilər. Bundan əlavə, ağ undan hazırlanmış çörəklərdə faydalı vitamin və minerallar xeyli az olur.

Bunun əksinə olaraq, tam taxıllı undan bişirilən çörəklər daha faydalı hesab olunur. Bu növ çörəklər liflə zəngin olmaqla yanaşı, B qrupu vitaminləri, maqnezium, dəmir və sink kimi orqanizm üçün vacib maddələri də ehtiva edir. Lif bağırsaq fəaliyyətini yaxşılaşdırır, həzmi tənzimləyir və uzunmüddətli toxluq hissi yaradaraq həddindən artıq qida qəbulunun qarşısını alır.

Xüsusilə turş xəmirdən hazırlanan çörəklər sağlam qidalanma baxımından üstünlük təşkil edir. Fermentasiya prosesi zamanı çörəyin tərkibindəki bəzi çətin həzm olunan maddələr parçalanır, mineralların orqanizm tərəfindən mənimsənilməsi asanlaşır və çörəyin qan şəkərinə təsiri azalır. Bu cür çörəklər həm həzm sisteminə, həm də bağırsaq mikroflorasına müsbət təsir göstərir.

Mütəxəssislər vurğulayırlar ki, mağazalarda “qara çörək” və ya “sağlam çörək” adı altında satılan bütün məhsullar həqiqətən faydalı olmaya bilər. Çörək alarkən onun tərkibinə diqqət yetirmək, ağ un, şəkər və süni qatqılar olan məhsullardan uzaq durmaq tövsiyə olunur.

Nəticə etibarilə, çörək gündəlik qidalanmadan tamamilə çıxarılmamalı, lakin düzgün növ seçilməli və ölçülü şəkildə istehlak edilməlidir. Tam taxıllı və turş xəmirdən hazırlanan çörəklərə üstünlük vermək sağlam həyat tərzinin vacib tərkib hissəsi hesab olunur.

Xədicə BAXIŞLI

Seçilən
68
1
redaktor.az

2Mənbələr