“Ludens AI” şirkəti CES 2026 sərgisində insanlarla emosional ünsiyyət qura bilən yeni nəsil robotlarını təqdim edib. Şirkət klassik humanoid modellərdən fərqli olaraq, insanlara yoldaşlıq və yaxınlıq hissi verən robot konsepsiyasını ön plana çıxarıb.
Təqdim olunan robotlardan biri “Cocomo” adlanır. Bu model ev daxilində sərbəst hərəkət edən, səs və toxunuşa reaksiya verən avtonom robot-petdir. Yumru və tüklü dizayna malik “Cocomo” ayı balasını xatırladan görüntüsü ilə seçilir. Təkərlər üzərində hərəkət etsə də, qucaqda daşınması üçün kiçik ayaqlarla təchiz olunub.
Yeni cihazın fərqləndirici cəhətlərindən biri istilik xüsusiyyətidir. Robotun səthi insan bədəninə yaxın temperaturda saxlanılır və yaxın təmas zamanı daha da isinərək real hiss yaradır. Danışıq əvəzinə səslər və jestlərlə ünsiyyət quran “Cocomo” zaman keçdikcə sahibinin davranışlarına uyğunlaşaraq emosional əlaqə formalaşdırır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”