Ərazi PKK/YPG terror təşkilatının işğalından azad olunub, təhlükəsizlik tədbirləri gücləndirilib...
Poliqon xəbər verir ki, Suriya Ərəb Ordusu Hələb şəhərinin şimalında yerləşən Əşrəfiyyə (Ashrafiya) rayonuna tam nəzarəti ələ keçirib. Məlumata görə, rayon daha əvvəl PKK/YPG terror təşkilatının silahlı dəstələrinin nəzarəti altında olub və uzun müddət qeyri-sabitlik ocağı kimi tanınıb.
Hərbi mənbələrin bildirdiyinə görə, nəzarətin bərpası məqsədilə həyata keçirilən əməliyyat planlı şəkildə icra edilib. Əməliyyat zamanı silahlı müqavimət ocaqları zərərsizləşdirilib, terrorçulara məxsus mövqelər, silah-sursat anbarları və müşahidə nöqtələri ələ keçirilib. Rayonun əsas yolları və strateji obyektləri Suriya ordusunun nəzarətinə keçib.
Əməliyyatdan sonra Əşrəfiyyə rayonunda təhlükəsizliyin təmin olunması üçün əlavə hərbi və polis qüvvələri yerləşdirilib, mina və partlamamış sursatların təmizlənməsi işlərinə başlanılıb. Yerli sakinlərin təhlükəsiz şəkildə evlərinə qayıtması üçün humanitar dəhlizlərin yaradıldığı da bildirilir.
Rəsmi Dəməşq bu əməliyyatı ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addım kimi qiymətləndirir və terror təşkilatlarının nəzarətində olan digər bölgələrdə də oxşar tədbirlərin davam etdiriləcəyini vurğulayır.
Poliqon.info