Rusiyanın Sankt-Peterburq şəhərində tikinti işləri ətrafında yaranan gərginlik yerli sakinlərlə miqrantlar arasında qarşıdurmaya səbəb olub.
KONKRET.az xəbər verir ki, hadisə zamanı aqressiv və ksenofob məzmunlu şüarlar səsləndirilib. Etirazçılar arasında “Piter Bakı deyil, şəhəri tərk edin” kimi çağırışların eşidildiyi bildirilir.
Məlumata görə, aksiyada iştirak edənlər miqrantların çalışdığı tikinti şirkətlərini qanunla qorunan tarixi binaların sökülməsində ittiham ediblər. Onların iddiasına əsasən, bir neçə yaşayış evi dağıdıldıqdan sonra vəziyyət nəzarətdən çıxaraq açıq qarşıdurmaya çevrilib.
“Bumaga” nəşrinin məlumatına görə, hadisə zamanı binanı müdafiə edən fəallardan birinin sözlərinə istinadən təxminən 19 nəfər saxlanılıb. Jurnalistlərin dəqiqləşdirdiyinə görə, onlardan 12 nəfər polis bölməsinə aparılıb. Saxlanılanlar arasında dörd nəfərin millətçi radikal qruplaşma (nasbol) üzvü olduğu qeyd olunur.
Natiq Səlim,
KONKRET.az