Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan çempionatı bu dəfə fərqli formatda keçirilir. İdmançılar və hakimlər üçün lazımi şərait yaradılıb, əlverişli mühit formalaşdırılıb. Arenanın özünəməxsus atmosferi var və bu, güləşçilər üçün əlavə stimul yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Komitəsinin sədri Asif Şirəliyev deyib.
Onun sözlərinə görə, AGF yarışın nüfuzunun daha da artırılması, eyni zamanda, ədalətli hakimlik üçün çempionata beynəlxalq dərəcəli referiləri dəvət edib: "Onlar son dərəcə təcrübəli və peşəkar hakimlərdir. Bu çempionatda yeni simalar da görürük. Gənc idmançılar çalışırlar ki, ad qazansınlar, yığmaya düşsünlər. Onların məqsədi beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir”.
Komitə sədri bildirib ki, hakimlərin əsas missiyası ədaləti qorumaqdır: “Çalışırıq ki, verdiyimiz qərarlar müzakirəyə səbəb olmasın. Şəffaflığı təmin etmək üçün texnoloji imkanlardan da istifadə edirik. Güləşçi hansısa epizoda etiraz edirsə, həmin texniki vasitələrlə görüntülərə baxaraq dəqiq və qərəzsiz qərar verməyə çalışırıq".
Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.