AZ

Türkiyə ilə Azərbaycan arasında münasibətlər müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq səviyyəsinə çatıb - ŞƏRH

Bakı, 8 yanvar, L.Muradzadə, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, xüsusilə 2020-ci ilin ikinci Qarabağ müharibəsi və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirlərindən sonra konkret hərbi nəticələrə əsaslanan dərin və institusional strateji tərəfdaşlıq xarakteri alıb. Bu müddət ərzində əməkdaşlıq yalnız hərbi heyətin təlimləri ilə məhdudlaşmadı, həm də qabaqcıl texnologiyaların ötürülməsi və müdafiə sənayesinin inteqrasiyası səviyyəsinə keçdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “TRENDS Research & Advisory” Türkiyə proqramının direktoru Süha Çubukçuoğlu deyib.

Ekspertin fikrincə, bu transformasiyanın hüquqi və siyasi çərçivəsi 2021-ci il Şuşa Bəyannaməsində müəyyən edilib. “Türkiyə ilə Azərbaycan arasında münasibətlər müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq səviyyəsinə çatıb. Doğrudan da, Azərbaycan Milli Məclisinin Türkiyə ilə imzaladığı 16 dekabr 2025-ci il tarixli “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiqi iki ölkə arasında müdafiə həmrəyliyini hüquqi əsaslarla möhkəmləndirib”, - deyə o əlavə edib.

JF-17 və müdafiə ekosistemi

Süha Çubukçuoğlu Pakistandan Azərbaycana 50-dən çox JF-17 Thunder Block-III qırıcısının alınmasının Türkiyə, Pakistan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın konkret nəticəsi olduğunu bildirib. Çin və Pakistanın birgə istehsal etdiyi bu platformaların Türk sursatı və avionikası ilə təchiz olunması Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş effektivliyini xeyli artıracaq. Bu, Türkiyənin müdafiə sənayesinin üçüncü ölkələrin platformalarına dəyər qatan texnologiyaların tədarükçüsü olduğunu göstərir.

KAAN proqramı və strateji perspektivlər

Onun sözlərinə görə, Türkiyənin Azərbaycan üçün beşinci nəsil KAAN qırıcısının yaradılması proqramı təkcə təchizat layihəsi deyil, ümumi strateji konsepsiyanın bir hissəsidir. "İDEF" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı 2023-cü ildə imzalanmış Saziş çərçivəsində Azərbaycan proqramda maliyyə iştirakını təmin etməyə, sənaye əməkdaşlığını inkişaf etdirməyə, 2030-cu illərdən etibarən KAAN-ın ilk istifadəçilərindən biri olmağı hədəfləyir.

“Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın müdafiə sahəsində əməkdaşlığı klassik müttəfiqlikdən kənara çıxıb və birgə texnologiya istehsalı, doktrina mübadiləsi və inteqrasiya olunmuş müdafiə arxitekturası əsasında inkişaf edir. Bu əməkdaşlıq Azərbaycanın müdafiə potensialını möhkəmləndirir, Türkiyə–Pakistan–Azərbaycan üçbucağında yeni strateji müdafiə bloku üçün zəmin yaradır. Nəticədə bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, həm də regionda qüvvələrin yenidən bölüşdürülməsi üçün müəyyənedici amildir”, - deyə ekspert vurğulayıb.

Seçilən
87
azertag.az

1Mənbələr