AZ

Dəniz suyu duzsuzlaşdırılacaq, su itkisi azalacaq -Ekoloqdan AÇIQLAMA

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlərdən biri də kanalizasiya sistemləri ilə bağlı idi.

 "Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq", - deyə dövlət başçısı qeyd edib.

Bəs qəbul ediləcək proqram vəziyyət üçün nə qədər xeyirli ola biləcək?

Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi və ilk dəfə olaraq 2 metrlə, 2,5 metr hündürlüyündə kiçik tunellərin tikilməsi çox mühüm bir hadisədir.

Onun sözlərinə götə, Azərbaycanda kanalizasiya sistemi hələ 80-ci illərdə, sovet dövründən də əvvəlki dövrlərdə tikilmiş köhnə kanalizasiya sistemidir:

"O vaxt şəhərin həm ərazisi, həm əhalisi, həm də infrastrukturu kifayət qədər böyük deyildi. Tullantı suları Hövsana axıdılmaqla ordan utilizasiya olunub, təkrar emal olunub, sonradan dənizə buraxılırdı. Sonradan şəhərin həcminin böyüməsi, əhalinin artması, infrastrukturun genişlənməsi, Bakının böyük bir şəhərə çevrilməsi indiki kanalizasiya sisteminin işini görə bilməməsinə səbəb oldu. Həddindən artıq yüklənmə var. Ona görə həm kanalizasiya sularının, həm tullantı sularının, həm də yağış sularının idarə olunması həddindən artıq çətinləşib. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinin verdiyi məlumata görə, 3 istiqamətdə böyük layihələr həyata keçirilir: Dərnəgül-Bakıxanov qəsəbəsi-Hövsan istiqamətində, Bakı-Zığ-Hövsan istiqamətində, Lökbatan istiqamətində təkmilləşdirmə işləri aparılır".

Ekoloq vurğuladı ki, kanalizasiya sularının idarə olunması prosesi üçün iri tipli tunel, kiçik tunel tipli layihələrin həyata keçirilməsi çox mühüm bir layihədir:

"Layihənin 2027-ci ildə yekunlaşması, 2028-ci ildə işə salınması gözlənilir. Bu layihələr işə salınsa, Bakıda  su kanalizasiya sisteminin, tullantı sisteminin idarə olunması və təkrar istifadəsi inşallah mümkün olacaq, çox mühüm layihələrin həyata keçirilməsi təqdirəlayiqdir və ölkə prezidenti də bu barədə öz fikirlərini bildirdi. Bu, bir çox problemin həll olunmasına yardımçı olacaq. İkinci ən böyük layihə Sumqayıtda tikilən zavoddur ki, suyun utilizasiyası həyata keçirilir və bu suyun utilizasiyası həyata keçirilərkən su duzsuzlaşdırılır. Xəzər dənizində suyun duzluluq həcmi var, bu 11 faiz promildir, təxminən 1,2-1,4 faiz həcmində duz var. Eyni zamanda suyun digər minerallardan təmizlənməsi və sonradan təkrar istifadəsi həyata keçiriləcək. Bu da mühüm layihədir, müəyyən qədər su istehlakının vəziyyətini yaxşılaşdıracaq".

Sadiq Həsənov dəniz suyunun duzsuzlaşdırılmasından da danışdı:

"Dəniz suyunun duzsuzlaşdırılması bir çox ölkələrdə tətbiq olunur; İsraildə, ərəb ölkələrində uzun müddətdir ki, bundan istifadə edilir. Avstraliyada 20-25 faizə qədər su ehtiyatlarını buradan təmin edirlər. Ərəbistan yarımadası, Pakistanda və digər ölkələrdə bu tətbiq olunmuş metoddur. Sadəcə texniki baxımdan suyun utilizasiyası baha başa gəlir, yəni əlavə qurğular istifadə olunur. Membrandan keçən suyun süzülmə hissəsində olan ölçüləri nanoölçülər kimi tətbiq etməklə suyu daha da təmizləyib istifadə etmək mümkündür. Bu, əlavə vəsaitlərin sərf olunması deməkdir. Ölkə prezidenti də bunu qeyd etdi. Suyun nəqlində içməli suda 35-38 faiz, kənd təsərrüfatında istifadə olunan suyun paylanmasında, istifadəsində 50 faizə qədər itkilərimiz var. Bu, rəsmi məlumatlardır və mən düşünürəm ki, hələ bu itkilərimiz bundan da yuxarıdır. Müasir suvarma sistemi, damcı suvarma sistemi tətbiq olunsa, bu, kənd təsərrüfatında suya qənaəti azaldar, hamıya əlçatan olar və kifayət qədər məhsuldarlıq yuxarı qalxar. İçməli suyu qənaət etməklə, itkiləri azaltmaqla biz yerüstü su ehtiyatlarımızdan səmərəli istifadə etməklə bu əlavə xərcləri qismən azalda bilərik".

Aytəkin TOFİQQIZI

Seçilən
69
redaktor.az

1Mənbələr