Bakıda avtomobil sahiblərinin gündəlik qarşılaşdığı “AzParking” artıq onların çörək ortağına çevrilib...
Bizimesr.az bildirir ki, rəsmi təqdimatlara görə, bu qurum “şəhər nəqliyyatında parkinq idarəçiliyini tamamilə dəyişən innovativ və ağıllı həllər” təqdim edir, sosial məsuliyyət daşıyır və qaydalı parkinq mədəniyyəti formalaşdırır. Lakin bu parlaq təqdimatın arxasında, qaranlıq suallar, cavabsız susqun və qorxaq məqamlar gizlənir.
Rəsmi statusu olsa da, şəffaflığı yoxdur
Bu günə qədər “AzParking” MMC-nin necə və hansı hüquqi əsaslarla yaradıldığı, kimlər tərəfindən idarə edildiyi və rəhbər şəxsin kim olduğu barədə açıq, rəsmi və ictimaiyyətə təqdim edilmiş məlumat mövcud deyil.
Şirkətin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə işlədiyi bildirilir, bu isə onun dövlət qurumları ilə birbaşa və ya dolayı əlaqədə olduğunu göstərir.
Ancaq paradoks ondadır ki, dövlətlə əlaqəli olduğu deyilən, ictimai məkanda fəaliyyət göstərən və faktiki olaraq hər gün vətəndaşlardan pul toplayan bu MMC-nin rəhbərliyi, qazanılan pullar, onların necə xərclənməsi ictimaiyyət üçün “məxvi” qalır.
Rəsmi statistikaya görə, Bakı şəhərində 1 milyona yaxın avtomobil mövcuddur. Gündəlik olaraq bu avtomobillərin azı 30 faizi parkinq xidmətindən istifadə edir. Əgər hər avtomobil orta hesabla gündə 1 manat ödəyirsə, bu, gündə yüz minlərlə manat, ildə isə milyonlarla manat deməkdir.
Bəs bu vəsait hara gedir, necə xərclənir, hansı xidmətlərə yönəldilir? Dövlət büdcəsinə nə qədər köçürülür?
Qəribdir ki, bu yekəlikdə dövlətdə milyonlar qaznan “AzParking” rəhbəri bu sualların heç birinə rəsmi cavab vermək istəmir. Xalqın pulu ilə yaşayan “AzParking” MMC xalqı saya da salmır.

“AzParking” MMC yarandığı gündən bu günə qədər, ictimai maliyyə hesabatı açıqlamayıb, illik qazancını bəyan etməyib,xərclərini və investisiyalarını izah etməyib, rəhbər şəxslərini cəmiyyətə təqdim etməyib.
“AzParking” bir özəl şirkət kimi təqdim olunsa da, onun fəaliyyəti tamamilə ictimai məkana, dövlətin infrastrukturuna və vətəndaşın cibinə bağlıdır. Küçələr dövlətindir, yollar dövlətindir, parkinq məkanları ictimaidir - amma bu məkanlardan yığılan pulların taleyi qaranlıqdır.
Bu, artıq sadəcə texniki parkinq məsələsi deyil. Bu, şəffaflıq, hesabatlılıq və ictimai etimad problemidir. Azparking rəhbərliyinin bu addımı xalqın dövlətin qanunlarına inamını itirən başlıca amildir.
Artıq 2026-cı ilin yanvar ayıdır, amma vəziyyət dəyişməyib. Yenə də “AzParking” MMC-nin rəhbərinin adı açıqlanmır, şirkət ictimai hesabat vermək niyyətində görünmür, səslənən iddialara nə AYNA, nə də digər aidiyyəti qurumlar cavab verir.
Əgər “AzParking” doğrudan da sosial məsuliyyətli, dövlətlə əməkdaşlıq edən və şəhər üçün çalışan bir qurumdursa, onda nədən qorxur?
Niyə rəhbərini gizlədir, maliyyə hesabatlarını açıqlamır, ictimai suallara cavab vermir? Şəhərin hər küçəsində vətəndaşdan pul yığan bir sistem məxfi şirkət kimi fəaliyyət göstərə bilməz.
Poliqon.info