“Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Cənubi Qafqazın nəqliyyat və siyasi inkişaf perspektivlərinə dair mühüm mesajlar verdi.”
Politoloq Züriyə Qarayeva bunu News365.az-a açıqlamasında deyib.

“Prezidentin açıqlamasında ən diqqət çəkən məqam Ermənistanın həm Naxçıvan üzərindən İran dəmir yollarına, həm də Azərbaycanın əsas ərazisi vasitəsilə Rusiyanın dəmir yolu şəbəkəsinə çıxış əldə edə biləcəyi ilə bağlıdır. Analitiklərə görə, bu, Azərbaycanın uzun müddətdir formalaşdırdığı regional inteqrasiya strategiyasının təbii davamıdır.
Əgər bu nəqliyyat bağlantıları reallaşarsa, Ermənistan uzun illər davam edən coğrafi blokadadan müəyyən qədər çıxış əldə edəcək, iqtisadi imkanlarını bərpa edəcək və regionun ümumi infrastruktur sisteminə inteqrasiya olma şansı qazanacaq. Bu isə Cənubi Qafqazda qarşılıqlı bağlılıq və əməkdaşlıq problemlərinin azaldılmasına xidmət edən praktiki addım kimi qiymətləndirilir.
Eyni zamanda, Prezident İlham Əliyevin mesajı Azərbaycanın regionun nəqliyyat və iqtisadi məkanında həlledici rol oynadığını göstərir. Bakı Rusiya və İranla sabit nəqliyyat əlaqələrinin yaradılmasında açar rolunu qoruyur, buna görə də Ermənistanın yeni marşrutlara qoşulması təkcə texniki məsələ deyil, həm də siyasi seçimdir. Ermənistan üçün bu dəmir yolu bağlantıları iqtisadi cəlbedicidir, lakin onların reallaşması Azərbaycanın razılığı və regional təhlükəsizlik balansına bağlıdır. Bu, Bakıya həm nəzarət mexanizmini gücləndirmək, həm də Ermənistanı daha rasional siyasət yürütməyə sövq etmək imkanı verir.
Prezidentin açıqlaması bir daha göstərdi ki, Azərbaycan regionun gələcək nəqliyyat xəritəsini müəyyən edən əsas oyunçudur və Ermənistan bu sistemi görməzdən gələ bilməz. Bu həm sülh gündəliyinə dəstək, həm də Cənubi Qafqazda qarşılıqlı asılılıq əsasında yenidən qurulan iqtisadi-siyasi modelin vacib mərhələsini təşkil edir.”